Azərbaycan

 

29 avqust 1890 – Şair, qəzəlxan Məhəmmədəli Şəfai (1890–1967) Bakının Maştağa kəndində anadan olub.

29 avqust 1929 – Tanınmış rəngkar Fərhad İbrahim oğlu Hacıyev (1929 – 17.12.1987) Şamaxıda doğulub. “Bakı ritmləri”, “Kəpəz” və b. tabloların müəllifidir. Azərbaycanda bərpa rəssamlığının əsasını qoyub, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin rəhbəri (1981-1987) olub.

29 avqust 1960 – Telejurnalist, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Fuad oğlu Mustafayev (1960 – 15.06.1992) anadan olub.

29 avqust 1965 – Məşhur tarzən, Xalq artisti Qurban Bəxşəli oğlu Pirimov (30.10.1880 – 1965) vəfat edib. 1920-ci ildən Opera və Balet Teatrının solisti olub.

 

30 avqust 1946 –  Xalq artisti, tanınmış radio diktoru Qarasim Əbdülhəsən oğlu Tağızadə (1946 – 4.3.2018) Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olub. Azərbaycan Radiosunun diktorlar şöbəsinə rəhbərlik edib.

30 avqust 2000 – Tanınmış şair, publisist Şahmar Əkbər oğlu Əkbərzadə (28.12.1941 – 2000) vəfat edib. “Mədəniyyət” qəzetinin ilk baş redaktoru (1991-2000) olub. Kitabları: “Sevgi borc verilməz”, “Ona yanıram ki”, “Haqqa pəncərə” və s.

 

31 avqust 1927 – Şair, dramaturq, Əməkdar incəsənət xadimi İsgəndər Coşqun (İsgəndər Məmməd oğlu Hümmətov; 1927 – 10.12.1996) Göyçayda anadan olub. “Gəmidə söhbət”, “Qığılcımlar”, “Nəğmə dolu ürək” və s. kitabların müəllifidir.

31 avqust 1942 – Şair, nasir, tərcüməçi, maarifçi Rəşid bəy İsmayıl oğlu Əfəndiyev (1863-1942) vəfat edib. Şəkidə doğulub. “Qan ocağı”, “Pul dəlisi”, “Diş ağrısı” və s. pyeslərin müəllifidir. Dərsliklər yazıb.

31 avqust 1957 – Əməkdar artist Kübra Məmmədağa qızı Dadaşova (1957 – 12.2.2017) Bakıda anadan olub. Gənc Tamaşaçılar Teatrında çalışıb, filmlərdə (“Yuxu”, “Cavid ömrü” və s.) çəkilib.  

31 avqust 1967 – Cənubi Azərbaycan yazıçısı, ictimai-siyasi xadim Səməd Behrəngi (24.6.1939 – 1967) vəfat edib. Azərbaycan nağıllarını fars dilinə tərcümə edərək nəşr etdirib.

31 avqust 2018 – Xalq şairi Bəxtiyar Vahabzadənin Şəki şəhərində ev-muzeyinin açılış mərasimi keçirilib.

31 avqust 2021 – Azərbaycanın Əməkdar artisti, Rusiyanın Xalq artisti Tamilla Mirsüca qızı Ağamirova (21.8.1928 – 2021) vəfat edib.

31 avqust 2021 – Şair, ssenarist Əhməd Oğuz (Əhməd Musa oğlu Kərimov; 13.11.1961 – 2021) vəfat edib.

 

1 sentyabr 1900 – Məşhur sirk pəhləvanı, Xalq artisti Rəşid Əliməmməd oğlu Yusifov (1900-1982) Borçalı mahalının (Gürcüstanın Marneuli rayonu) Gorarxı kəndində anadan olub. Moskva Dövlət Sirkinin truppasında çıxış edib.

1 sentyabr 1920 – Tanınmış tarixçi alim, AMEA-nın müxbir üzvü Mahmud Əliabbas oğlu İsmayılov (1920 – 16.8.2002) Şəkidə doğulub.

1 sentyabr 1924 – Bakı milyonçusu, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev (1838-1924) vəfat edib. Tağıyev Azərbaycan xalqının maariflənməsi, mədəni inkişafı üçün gördüyü nəcib işlərlə tarixdə iz qoyub. Bakıda ilk teatr binası, müsəlman qızlar üçün ilk məktəb və s. onun adı ilə bağlıdır. Dövrün tanınmış ziyalıları onun köməyi ilə Rusiyada, Avropada təhsil alıblar.

1 sentyabr 1930 – Nasir, dramaturq, şair Əli Qafur oğlu Səmədli (1930-2006) Göyçay rayonunun Mallı-Şıxlı kəndində anadan olub. Uşaq-gənclər üçün kitabların, səhnə əsərlərinin müəllifidir.

1 sentyabr 1930 – Yazıçı-dramaturq, jurnalist Oqtay Məmmədhəsən oğlu Salamzadə (1930-2012) Füzuli rayonunun Cuvarlı kəndində doğulub.

1 sentyabr 1931 – Tanınmış teatr və kino aktyoru Fazil İdris oğlu Salayev (1931 –16.6.1978)  Bakıda doğulub. Akademik Dram, Musiqili Komediya teatrlarında çalışıb, filmlərdə (“Alma almaya bənzər”, “Rəqiblər”, “Şərikli çörək”) yaddaqalan obrazlar yaradıb.

1 sentyabr 1937 – Əməkdar incəsənət xadimi Siyavuş Məmməd oğlu Şəfiyev (1937 – 24.11.2001) Bakıda anadan olub. Peşəkar sirk ustası, akrobat olub, Moskva və Bakı sirklərində çalışıb. “Əhməd haradadır?”, “Uşaqlığın son gecəsi” və s. filmlərdə çəkilib.

1 sentyabr 1941 – Əməkdar mədəniyyət işçisi, şair, publisist Tofiq Abdin (Tofiq Məhərrəm oğlu Abdinov; 1941 – 24.2.2014) Salyan rayonunun Qırmızıkənd kəndində anadan olub.

1 sentyabr 1945 – Xalq artisti, sənətşünaslıq doktoru, professor Məcnun Təbriz oğlu Kərim (1945 – 2.10.2013) Zəngəzur mahalının Şəki kəndində doğulub. Azərbaycanın qədim musiqi alətləri haqqında tədqiqatlar aparıb, Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində Qədim musiqi alətləri ansamblını yaradıb.

1 sentyabr 1949 – Əməkdar artist Atabala Osman oğlu Səfərov (1949 – 20.12.2020) Şabran rayonunda doğulub. Musiqili Komediya, Gənc Tamaşaçılar Teatrında çalışıb, televiziya tamaşalarında maraqlı rollar oynayıb.

1 sentyabr 2009 – Tanınmış təsviri sənət ustası, Xalq rəssamı Yusif İsmayıl oğlu Hüseynov (15.10.1928 – 2009) vəfat edib. Azərbaycan Rəssamlar İttifaqının sədri olub.

 

2 sentyabr 1909 – Yazıçı-dramaturq, tərcüməçi Rza Nəbi oğlu Şahvələd (1909 – 2.7.1984) Tiflisdə anadan olub.

2 sentyabr 1916 –  Əməkdar incəsənət xadimi, rəssam Əyyub Müseyib oğlu Hüseynov (1916-1998) Naxçıvan MR Kəngərli rayonunun Xok kəndində doğulub. Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbinin direktoru işləyib.

2 sentyabr 1930 – Əməkdar rəssam Hüseyn Gülbala oğlu Hüseynov (1930-1987) Bakının Buzovna kəndində doğulub. Azərbaycan dilində rəssamlığa dair ilk dərsliklərin müəllifidir.

2 sentyabr 1947 – Xalq artisti, tarzən Fikrət Süleyman oğlu Verdiyev (1947 – 22.12.2022) Gəncə şəhərində doğulub. “Göygöl” xalq çalğı alətləri ansamblının yaradıcısı, Gəncə Dövlət Filarmoniyasının bədii rəhbəri olub.

2 sentyabr 1949 – Əməkdar incəsənət xadimi, bəstəkar, pedaqoq İsmayıl Soltan oğlu Hacıbəyov (1949 – 25.3.2006) anadan olub. “Firuzə” operası, “Memorial” kantatası, “Naxışlar” fantaziyası və digər əsərlərin müəllifidir.

2 sentyabr 1949 – Tanınmış teatr rejissoru Yusif Məmmədağa oğlu Əkbərov  (1949 – 4.10.2016) Bakıda doğulub. Sumqayıt Dövlət Dram, Akademik Musiqili teatrlarında quruluşçu rejissor və baş rejissor işləyib.

 

Dünya

 

29 avqust 1862 – Belçika yazıçı-dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1911) Moris Meterlink (Maurice Polydore Marie Bernard Maeterlinck; 1862-1949) anadan olub. Əsərləri: “Göy quş”, “Beatris bacı” (pyeslər), “Güllərin idrakı”, “Arıların həyatı” (fəlsəfi pritçalar) və s.

29 avqust 1903 – Məşhur rus aktyoru Andrey Fayt (1903-1976) anadan olub. “Azərbaycanfilm”də lentə alınan “Uzaq sahillərdə”, “Bir qalanın sirri” filmlərində çəkilib.

29 avqust 1915 – İsveç aktrisası, üç dəfə “Oskar” laureatı İngrid Berqman (Ingrid Bergman; 1915 – 29.8.1982) anadan olub. Filmləri: “Anastasiya”, “Şərq ekspresində qətl”, “Qaz işığı” və s.

29 avqust 1920 – Amerika caz musiqiçisi Çarli Parker (Charlie “Bird” Parker; 1920-1955) anadan olub.

29 avqust 1958 – Dünya şöhrətli amerikalı müğənni Maykl Cekson (Michael Joseph Jackson; 1958-2009) anadan olub.

 

30 avqust 1748 – Fransız rəssamı Jak Lui David (Jacques-Louis David; 1748-1825) anadan olub. Məşhur rəsmləri: “Maratın ölümü”, “Horasilərin andı”.

30 avqust 1860 – Rus rəssamı İsaak İliç Levitan (1860-1900) anadan olub. Peyzaj ustası kimi tanınıb.

 

31 avqust 1897 – Amerika aktyoru, iki dəfə “Oskar” laureatı Frederik Març (Frederick Ernest McIntyre Bickel; 1897-1975) anadan olub.

 

1 sentyabr 1854 – Alman bəstəkarı və dirijoru Engelbert Humperdink (Engelbert Humperdinck; 1854-1921) anadan olub.

 

2 sentyabr 1926 – Rus aktyoru, SSRİ Xalq artisti Yevgeni Leonov (1926-1994) anadan olub. Filmləri: “Zolaqlıların səfəri”, “Uğur centlemenləri”, “Mimino”, “Payız marafonu” və s.

Hazırladı: V.Orxan