Vaqif Mustafayevin 70 illiyi qeyd olunub...

 

Avqustun 28-də Nizami Kino Mərkəzində milli kinematoqrafiyamızda dəst-xətti ilə seçilən görkəmli rejissor, ssenarist, Xalq artisti, Dövlət mükafatı laureatı, Avropa Kino Akademiyasının üzvü, professor Vaqif Mustafayevin 70 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimi təşkil edilib.

Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Kino Agentliyinin təşkilatçılığı ilə keçirilən yubiley mərasimində rəsmilər, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Vaqif Mustafayevin peşə fəaliyyəti ilə bağlı videomaterial nümayiş olunub.

Sonra dünyanın tanınmış kino xadimlərinin yubilyara təbrik videomüraciətləri təqdim edilib.

Rusiyanın Xalq artisti, “Oskar” mükafatı laureatı, kinorejissor və aktyor Nikita Mixalkov, Rustaveli adına Tbilisi Dövlət Akademik Teatrının aktyoru, Gürcüstanın Xalq artisti Aftandil Maxaradze, rejissor Timur Babluani, rusiyalı aktyor Viktor Suxorukov və başqalarının təbriki səsləndirilib.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova mərasimdə çıxış edərək Vaqif Mustafayevə təbriklərini və xoş arzularını çatdırıb. Qeyd edib ki, Vaqif Mustafayev 50 ilə yaxındır məhsuldar yaradıcılığı ilə Azərbaycan mədəniyyətinin, kino sənətinin inkişafına, dünyada tanınmasına töhfələr verir. Bu gün kino aləmində Vaqif Mustafayevin kino dili və üslubu, Vaqif Mustafayevin kino qəhrəmanları kimi anlayışlar var. Yaradıcılığının ilk illərində “Mozalan” kinojurnalı üçün satirik bədii və sənədli süjetlər çəkən rejissorun quruluş verdiyi “Bəyin oğurlanması” (Ceyhun Mirzəyevlə birlikdə), “Yaramaz”, “Nakəs”, “Fransız”, “Milli bomba”, “Hər şey yaxşılığa doğru”, habelə ssenari müəllifi olduğu “Fəryad” və digər filmləri böyük tamaşaçı rəğbəti qazanıb. Vaqif Mustafayevin Ümummilli lider Heydər Əliyev haqqında silsilə sənədli filmləri ümumilikdə kino tariximizdə xüsusi yer tutur. Bu ekran əsərlərindən üçü – “Əsl məhəbbət haqqında”, “Bir həsədin tarixi” və “Xüsusi təyinat” filmləri Moskvada keçirilən Avrasiya Teleforumunun Qran-pri mükafatına layiq görülüb. Rejissor öz filmoqrafiyasını və Azərbaycan kinosunu 2022-ci ildə “Həyat, deyəsən, gözəldir” bədii və “Fikrət Əmirov” bədii-sənədli filmləri ilə zənginləşdirib. “Həyat, deyəsən, gözəldir” filminə görə ötən il Türkiyədə (Bursa) keçirilən “Korkut Ata” Beynəlxalq Film Festivalında “ən yaxşı rejissor” mükafatına layiq görülüb.

Qeyd olundu ki, Vaqif Mustafayevin milli kino və mədəniyyət sahəsində xidmətləri həm Ulu öndər Heydər Əliyev, həmçinin Prezident İlham Əliyev tərəfindən daim yüksək qiymətləndirilib. “Şöhrət”, “Şərəf” ordenlərinə layiq görülən rejissor 70 illik yubiley günündə daha bir mükafat – Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Səadət Yusifova yubilyara Mədəniyyət Nazirliyinin Fəxri diplomunu təqdim edib.

Xalq artisti Şəfiqə Məmmədova rejissor Vaqif Mustafayevi yubileyi münasibətilə təbrik edərək, ona gələcək yaradıcılığında uğurlar arzulayıb. O deyib: “Əsl yaradıcı insanlar üçün yaş amili o qədər də vacib olmur. Çünki dünyanın ən dahi yaradıcı insanları məhz ömürlərinin ən müdrik vaxtlarında yaradıblar və dünyaya mükəmməl yaradıcılıq nümunələri bəxş ediblər. Vaqif ömrünü çox mənalı yaşayıb və yaradıb, eləcə də bu gün milli kinomuzda öz dəst-xətti olan böyük simalardandır. O, həmçinin çox cəsarətli insandır. Təsadüfi deyil ki, o, Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən gözəl film çəkmək qərarına gəldi. Bu, çox çətin, eyni zamanda məsuliyyətli iş idi. Vaqif Mustafayev bu məsuliyyətli işin öhdəsindən peşəkarlıqla gəldi. Bu filmi ilə Vaqif milli sənədli film janrına yeni nəfəs gətirmiş oldu...”.

Avrasiya Televiziya və Radio Akademiyasının prezidenti Valeri Ruzin yubiley mərasimində iştirakından məmnunluğunu bildirərək deyib: “Bu gün Azərbaycan kinosunun ən önəmli simalarından birinin yubiley tədbirinə yığışmışıq. Bu, bizim üçün də çox xoş bir hadisədir. Vaqif Mustafayev bir çox gözəl filmlər yaradıb. Onları sadalamaqla bitməz. Lakin onun ən uğurlu işlərindən biri də ölkə rəhbəri haqqında çəkdiyi film olub. Bu işin öhdəsindən hər rejissor gələ bilməzdi, Vaqif bunu bacardı və film çox uğurlu alındı. Bir daha təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirəm”.

Gürcüstanın Xalq artisti Avtandil Maxaradze görkəmli rejissoru yubileyi münasibətilə təbrik edərək deyib: “Bu gün çox xoşbəxtəm. Çünki sevdiyim ölkədə çox sevdiyim qardaşımın, böyük istedada sahib insanın yubiley mərasimində iştirak edirəm. Bu, mənim üçün də xoş hadisədir. Biz Vaqiflə illərin dostuyuq və 33 il birlikdə çalışaraq yaradıcılıq mübadiləsi etmişik. Mən onun 5 filmində rol almışam. Həmin filmlərin üçündə baş rollara çəkilmişəm. Xoşbəxt aktyoram ki, Vaqif Mustafayev kimi böyük rejissorla işləmək imkanım olub. O, böyük yaradıcı insan, gözəl şəxsiyyət və ən üstün zirvələrə layiq dostdur...“.

Vaqif Mustafayev mərasimdə çıxış edərək yaradıcılığına göstərilən yüksək diqqətə, fəaliyyətinə verilən ali qiymətə görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkür edib, həmçinin yubiley gecəsinin iştirakçılarına minnətdarlığını bildirib.

Sonda görkəmli rejissorun “Həyat, deyəsən, gözəldir” filmi nümayiş olunub.

Filmin nümayişindən sonra Vaqif Mustafayev ekran əsərinin yaradıcı kollektivini tamaşaçılara təqdim edib.