Xəbər verdiyimiz kimi, 25-29 avqust tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən IV Lendok Beynəlxalq Film Festivalında ölkəmiz də təmsil olunub. Bədii və sənədli filmlərin nümayiş olunduğu festivalın müsabiqə proqramına Rusiya, Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və digər ölkələrdən ümumilikdə 10 ekran əsəri daxil edilib.

Onların arasında azərbaycanlı rejissorlar Asif Rüstəmovun “Mərmər soyuğu” və Hikmət Rəhimovun “Çılpaq” filmləri də var.

Asif Rüstəmovun “Mərmər soyuğu” filmi Lendokun ən yaxşı birgə istehsala görə xüsusi mükafatını qazanıb. Film “Azərbaycanfilm” kinostudiyası, İctimai Televiziya (İTV), Bakı Media Mərkəzi və Fransanın “Arizona Films” şirkətinin birgə layihəsidir.

Filmin baş prodüseri Arzu Əliyeva, ssenari müəllifləri Asif Rüstəmov və Rulof Jan Minnebo (Hollandiya), quruluşçu rəssamları Oqtay Namazov və Adil Abbasov, quruluşçu rəssamı Rafiq Nəsirov, prodüseri Fariz Əhmədov, Orman Əliyev və Guillaume de Seil, kreativ prodüseri İradə Bağırzadədir.

Hikmət Rəhimovun “Çılpaq” filmi isə ən yaxşı operator işinə görə münsiflərin xüsusi diplomuna layiq görülüb. “Çılpaq” filmi İTV-nin layihəsidir.

Azərbaycanlı rejissor və prodüser Fariz Əhmədov isə festivalda sənədli filmlər üzrə jüriyə başçılıq edib. Bədii filmlər üzrə münsiflər heyətinin rəhbəri isə özbəkistanlı rejissor, ssenarist Əli Xamrayev olub.