Sentyabrın 5-də Kazanda XIX Müsəlman Kinosu Festivalı işə başlayıb. 2005-ci ildən Tatarıstan paytaxtını məkan etmiş bu festival Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Tatarıstan Mədəniyyət Nazirliyinin təşəbbüsü əsasında keçirilir. Festivalın “Mədəniyyətlərin dialoqundan dialoq mədəniyyətinə” devizi altında çox maraqlı filmlər nümayiş olunur.

Zəngin proqramla kino bilicilərinin və kinosevərlərin görüşünə gələn builki festivalın proqramına nəzər salarkən bir filmin adı diqqətimizi çəkdi. “Tammetrajlı sənədli filmlər” müsabiqə proqramında “Azərbaycanın ziyalı ulduzu: Professor Tofiq İsmayılov”  filmi. 6 sentyabr saat 17:00. “Sinema Korston” kinoteatrı.

Filmin annotasiyasında isə yalnız müəllifin adı qeyd olunmuşdu: Kamil Engin.

Necə deyərlər, axtaran tapar: tapmaq istəyənə də sosial şəbəkə kömək edər.

Bəs görkəmli kino xadimimiz Tofiq İsmayılov haqqında filmi beynəlxalq festivala çıxaran Kamil Engin kimdir? Uzun illər Türkiyədə sənət müəllimi kimi çalışmış Azərbaycanın tanınmış kinorejissoru, Xalq artisti Tofiq İsmayılov ilə tanışlığı barədə rejissorun özündən eşidək: 

– 1994-cü ildə iş adamı Mehmet Tanrıseverin qurduğu kino kurslarına qoşulmuşdum. İyirmi yaşım var idi, İstanbul Universitetində tələbəydim. Tofiq hocanı (müəllimi) ilk dəfə burada tanıdım. Bu kursun dinləyiciləri mədəni davranışı və zəngin həyat təcrübəsiylə diqqətçəkən və çox sevimli bir ləhcəylə danışan təxminən 55 yaşlarındakı müəllimə qısa müddətdə öyrəşdilər. Tələbələrə qayğıkeş yanaşan, idealist və intizamlı şəxsiyyət olan müəllimimiz hər kəsin sevgisini qazandı. Bir neçə ay sonra Tofiq hocanın yazmaq istədiyi bir kitab üçün köməkçi aradığını eşitdim. Bir dostumla müəllimə dedik ki, bu işə həvəsimiz var və ona kömək etməyə hazırıq. 1995-ci ilin aprelindən başlayaraq onunla yaxından çalışmağa başladım. Tofiq İsmayılovun beşillik böyük zəhməti və yorulmadan çalışmasının nəticəsi olan “Türk cumhuriyetleri sinema tarihi” kitabı 2001-ci ildə çapdan çıxdı. Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan milli kinosunun tarixindən bəhs edən bu kitab üzərində çalışmaq mənim üçün ikinci bir universitet təhsilinə bərabər oldu.

Kamil Engin deyir ki, Tofiq İsmayılov Türkiyədəki pedaqoji fəaliyyətini başa vuranadək assistent olaraq onunla birlikdə çalışıb: “Artıq bizim ata-oğul münasibətimiz vardı. Sonralar o, İstanbula gələndə mütləq görüşürdük”. Tofiq İsmayılov barədə tammetrajlı  (51 dəqiqə) sənədli filmin yaranma ideyası barədə sualımızı müsahibimiz belə cavablandırdı:

 

– Tofiq hocanın vəfatından sonra İstanbul və Malatya kinofestivallarında onun xatirəsinə proqramlar həsr olundu, çəkdiyi filmlər göstərildi. Elə müəllimim haqqında sənədli film ideyası da o zamanlarda yarandı. Əsas niyyətim professor Tofiq İsmayılovu yaxından tanımış insanların gözü ilə göstərmək, onun sənətkar xislətini və əsərlərini yada salmaq idi. Çünki Tofiq hoca təkcə qardaş Azərbaycanın deyil, həm də Türkiyə mədəniyyətinin öncül simasına çevrilmişdi.

2019-cu ildə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Kino Baş Müdirliyinə film çəkməklə bağlı müraciətimiz müsbət qarşılandı. Həmin il sentyabr-oktyabr aylarında Bakıda və İstanbulda çəkilişlər aparsaq da, pandemiya səbəbindən çalışmaları yarımçıq saxlamalı olduq. Yalnız 2021-ci ilin baharında filmi tamamladıq.

 

– Budur, artıq Kazanda “Azərbaycanın ziyalı ulduzu: professor Tofiq İsmayılov” tammetrajlı sənədli filmi müsabiqə proqramında nümayiş olunur. Bəs Azərbaycanda bu filmi nə zaman seyr edə biləcəyik?

– Çox istərdik ki, film Tofiq hocanın məmləkətində də göstərilsin. Biz tərəfdən rəsmi müraciət olmasa da, ailə üzvləri ilə bu barədə danışmışıq. İnşallah, bu da reallaşar. Ötən ilin dekabrında İstanbulda Beynəlxalq İpək Yolu Film Festivalında premyera baş tutdu. İndisə budur, filmin Kazanda ilk nümayişinin həyəcanını yaşayırıq.

 

– Kamil bəy, sizə uğurlar arzulayırıq və filminizin mükafat qazanacağına ümid edirik. İnanırıq ki, sizin filminizin Bakıda da nümayişi yaxın zamanlarda baş tutacaq.

– Çox sağ olun. Mən də sizə diqqətinizə görə minnətdaram.

***

Müəllifdən onu da öyrəndik ki, “Azərbaycanın ziyalı ulduzu: professor Tofiq İsmayılov” filmində Azərbaycandan məhrum kinorejissor Eldar Quliyev, eləcə də Xalq yazıçısı Anar, Xalq şairi Ramiz Rövşən, akademik Rafael Hüseynov, Xalq artistləri Oqtay Mirqasımov, Rafiq Əzimov, Əməkdar incəsənət xadimləri Cəmil Quliyev, Aydın Kazımzadə və Elxan Cəfərov, Türkiyədən Şenol Demiröz, professor Sami Şəkəroğlu, İhsan Kabil, Çetin Tunca, İrfan Çiftçi (mərhum) və Rasim Aşının müsahibələri yer alıb.

Filmdə Tofiq İsmayılovun ailə arxivindəki materiallarla yanaşı, Mimar Sinan Gözəl Sənətlər Universitetinin professoru Sami Şəkəroğlunun rəhbərlik etdiyi Sinema-TV Mərkəzi ilə Azərbaycan Dövlət Film Fondunun arxiv materiallarından istifadə olunub.

Gülcahan MİRMƏMMƏD