Sentyabrın 8-i görkəmli kamança ifaçısı, musiqi mədəniyyətimizdə silinməz iz qoyan Xalq artisti Habil Əliyevin (1927-2015) anım günüdür. 

Habil Əliyev Azərbaycanın qədim milli musiqi aləti kamançanın təsirli avazına yeni çalarlar qatmaqla onun imkanlarını yüksəklərə qaldırıb. Xalq mahnılarını, muğam və təsnifləri bənzərsiz ifası ilə həm Azərbaycan musiqisinin çoxəsrlik ənənələrini layiqincə davam etdirib, həm də ölkəmizdə kamança ifaçılığı məktəbinin püxtələşməsinə, bu alət üçün yeni əsərlərin yaradılmasına təkan verib.

Sənətkar Seyid Şuşinski, Həqiqət Rzayeva, Xan Şuşinski, Zülfü Adıgözəlov, Mütəllim Mütəllimov, Şövkət Ələkbərova, Sara Qədimova, Fatma Mehrəliyeva kimi görkəmli xanəndələri respublikamızda və onlarla xarici ölkədə qastrol səfərlərində böyük məharətlə müşayiət edib. Təkrarolunmaz ifaçılığı, mənəvi aləmə nüfuz etmək bacarığı və yüksək səhnə mədəniyyəti Habil Əliyevin qüdrətli sənətini musiqi bilicilərinə və saysız-hesabsız muğam pərəstişkarına sevdirib.

Hazırda sənətkarın adı doğulduğu Ağdaş rayonunda musiqi məktəbində yaşadılır. Həmçinin adına kamança ifaçılığı üzrə ənənəvi respublika müsabiqəsi keçirilir.