Azərbaycan

 

13 sentyabr 1893 – Əməkdar artist, opera müğənnisi Əli Əbdül oğlu Zülalov (1893-1963) Şuşada anadan olub.

13 sentyabr 1933 – Görkəmli bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti, akademik, Dövlət mükafatı laureatı Arif Cahangir oğlu Məlikov (1933 – 9.5.2019) Bakıda doğulub. “Məhəbbət əfsanəsi” baleti, “Dalğalar” operettası, “Füzuli”, “Vətən”, “Metamorfozlar” simfonik poemaları, 8 simfoniya və s. əsərlərin müəllifidir. Filmlərə (“Sehrli xalat”, “Axırıncı aşırım”), tamaşalara musiqi yazıb. Bakı Musiqi Akademiyasının professoru olub.

13 sentyabr 1969 – Xalq rəssamı İsmayıl Hüseyn oğlu Axundov (15.4.1907 – 1969) vəfat edib. Azərbaycan Rəssamlar İttifaqının ilk sədri olub.

 

14 sentyabr 1880 – Yazıçı İbrahim Mehdi bəy oğlu Musabəyov (1880-1942) Qəbələdə anadan olub. Yazıçının “Neft və milyonlar səltənətində” povesti əsasında 1916-cı ildə Azərbaycanın ilk tammetrajlı bədii filmi çəkilib. Qazaxıstanın Karaqanda şəhərində sürgündə vəfat edib.

14 sentyabr 1911 – Şair, dramaturq, ədəbiyyatşünas Müzəffər Qasım oğlu Nəsirli (1911-1980) Naxçıvan MR Şahbuz rayonunun Sələsüz kəndində anadan olub.

14 sentyabr 1939 – Yazıçı-dramaturq Aslan Qəhrəman oğlu Qəhrəmanlı (1939 – 19.1.2014) Ağstafa rayonunun Yenigün kəndində doğulub. Televiziyada ekranlaşdırılmış “Səni axtarıram”, “Bağışla” və “Səndən xəbərsiz” pyeslərinin, povest və hekayələrin müəllifidir.

14 sentyabr 1939 – Əməkdar artist, vokal ifaçısı İsmayıl Sadıq oğlu Ələkbərov (1939-2021) Bakıda doğulub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının muğam bölməsinin solisti olub.

14 sentyabr 1941 – Əməkdar incəsənət xadimi, kinorejissor Teymur Bəkir oğlu Bəkirzadə (1941 – 21.9.1996) Bakıda doğulub. “Azərbaycanfilm” kinostudiyasında sənədli və bədii filmlərə (“Rəqiblər”, “Yol əhvalatı”) quruluş verib.

14 sentyabr 1949 – Əməkdar artist Sona Qədir qızı Mirzəyeva (1949-1985) Bakıda doğulub. İrəvan Dövlət Azərbaycan, Naxçıvan teatrlarının aktrisası olub. 

14 sentyabr 1973 – Bakıda Azərbaycanın böyük mütəfəkkir şairi İmadəddin Nəsiminin (1369-1417) anadan olmasının 600 illiyinə həsr edilmiş təntənəli mərasim keçirilib. Yubileyə dünyanın 30-dək ölkəsindən qonaqlar qatılıb. Respublikanın rəhbəri – Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev mərasimdə çıxış edib.

14 sentyabr 1989 – Azərbaycan Nazirlər Sovetinin müvafiq qərarı ilə Naxçıvan Dövlət Kukla Teatrı yaradılıb. 2004-cü ildən Məhəmməd Tağı Sidqinin adını daşıyır.

14 sentyabr 1992 – Xalq şairi Hüseyn Arif (Hüseynzadə Hüseyn Camal oğlu; 15.6.1924 – 1992) vəfat edib. Azərbaycan Aşıqlar Birliyinin sədri olub.

14 sentyabr 1992 – Əməkdar artist, vokal ifaçısı (bariton) Əli Həsən oğlu Haqverdiyev (29.7.1939 –1992) vəfat edib. Azərbaycan Opera və Balet Teatrının solisti olub, filmlərdə çəkilib.

14 sentyabr 2017 – Əməkdar incəsənət xadimi, ustad saz ifaçısı, aşıq Ədalət Məmmədəli oğlu Nəsibov (27.1.1939 – 2017) vəfat edib.

14 sentyabr 2021 – Əməkdar artist, tanınmış müğənni, bəstəkar Yaqub Zurufçu (8.4.1956 – 2021) vəfat edib.

 

15 sentyabr 1905 – Azərbaycanda kukla teatrının yaradıcısı, aktyor, rejissor Molla Ağa Bəbirli (1905 – 22.10.1970) Bakıda anadan olub. “O olmasın, bu olsun”, “Bir məhəllədən iki nəfər”, “Sehrli xalat” filmlərində çəkilib, Akademik Dram Teatrında çıxış edib.

15 sentyabr 1918 – Gəncədə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi mətbu orqanı – “Azərbaycan” qəzetinin ilk sayı çapdan çıxıb.

15 sentyabr 2006 – Görkəmli bəstəkar, Xalq artisti, professor Vasif Zülfüqar oğlu Adıgözəlov (28.7.1935 – 2006) vəfat edib. Azərbaycan Bəstəkarlar İttifaqının sədri olub.

15 sentyabr 2007 – Xalq rəssamı Elbəy Mirzə Həsən oğlu Rzaquliyev (17.6.1926 – 2007) vəfat edib. “Telefonçu qız”, “Arşın mal alan” (1965), “Gün keçdi”, “Arxadan vurulan zərbə” və s. filmlərin rəssamı olub.

15 sentyabr 2021 – Əməkdar artist, tanınmış arfa ifaçısı Çiçək Məmmədhüseyn qızı Rzayeva (13.6.1944 – 2021) vəfat edib.

15 sentyabr 2021 – Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin açılış mərasimi keçirilib. Abidənin müəllifi həmvətənimiz, Ukraynanın Xalq rəssamı, heykəltəraş Katib Məmmədovdur.

15 sentyabr 2022 – Əməkdar mədəniyyət işçisi, musiqi təşkilatçısı İldırım Əli-Nazir oğlu Qasımov (7.12.1933 – 2022) vəfat edib.

15 sentyabr 2022 – Əməkdar elm xadimi, nizamişünas, tərcüməçi, mətnşünas, filologiya üzrə elmlər doktoru Xəlil Həmid oğlu Yusifli (17.7.1935 – 2022) vəfat edib.

 

Dünya

 

13 sentyabr 1874 – Avstriya bəstəkarı Arnold Şönberq (Arnold Franz Walter Schoenberg; 1874-1951) anadan olub. Musiqidə ekspressionizmin nümayəndəsi, “Moisey və Aaron” operası, “İntizar” monodramı və s. əsərlərin müəllifidir.

13 sentyabr 1894 – İngilis yazıçısı və dramaturqu Con Boynton Pristli (John Boynton Priestley; 1894-1984) anadan olub. Əsərləri: “Mehriban dostlar”, “Mələk küçəsi”, “Cənnət guşəsi” (pyeslər), “Qretlidə qaranlıq” (roman) və s.

13 sentyabr 1905 – Fransız əsilli Amerika aktrisası, “Oskar” laureatı Klodet Kolber (Claudette Colbert – Lily Claudette Chauchoin; 1905-1996) anadan olub.

13 sentyabr 1924 – Fransa bəstəkarı Moris Jarr (Maurice Jarre; 1924-2009) anadan olub. 100-dən çox filmə musiqi yazıb, 3 dəfə “Oskar” mükafatına layiq görülüb.

 

14 sentyabr 1321 – İtalyan şairi Dante Aligyeri (Dante Alighieri; 15.5.1265 – 1321) vəfat edib. İntibah ədəbiyyatının şah əsərlərindən olan “İlahi komediya” poemasının müəllifidir. Axirət dünyasına səyahəti təsvir edən poema üç hissədən (“Cəhənnəm”, “Əraf”, “Cənnət”) ibarətdir.

14 sentyabr 1618 – Holland əsilli ingilis rəssamı Piter Leli (Peter Lely - Pieter van der Faes; 1618-1680) anadan olub.

14 sentyabr 1898 – Rus aktyoru, SSRİ Xalq artisti Mark Prudkin (1898-1994) anadan olub. Filmləri: “Karamazov qardaşları”, “On iki stul” (1976) və s.

 

15 sentyabr 1789 – Amerika yazıçısı Ceyms Fenimor Kuper (James Fenimore Cooper; 1789 – 14.9.1851) anadan olub. Tarixi və macəra romanlarının müəllifidir: “Casus”, “Dəniz qulduru”, “Losman”, “Sonuncu mogikan”, “Ləpirçi” və s.

15 sentyabr 1890 – İngilis yazıçısı, detektiv əsərlərin müəllifi Aqata Kristi (Agatha Mary Clarissa; 1890 – 12.1.1976) anadan olub. Əsərləri: “Rocer Ekroydun qətli”, “Yarımçıq portret”, “Şərq ekspressində qətl”, “Nildə ölüm” və s.

15 sentyabr 1894 – Fransız kinorejissoru, “Oskar” laureatı Jan Renaur (1894–1979) anadan olub. Filmləri: “Böyük illüziya”, “Marselyoza”, “Fransız kankanı” və s.

15 sentyabr 1914 – Türk yazıçısı Orxan Kamal (Mehmet Raşit Öğütçü; 1914 – 2.6.1970) Adananın Ceyhan qəsəbəsində doğulub. “Baba evi”, “Cəmilə”, “Yad qızı”, “Qürbət quşları” kimi romanları, “Çörək davası”, “Arxa küçə” və s. hekayələri yazıçıya geniş oxucu rəğbəti qazandırıb.

15 sentyabr 1925 – Rus aktyoru, SSRİ Xalq artisti Kirill Lavrov (1925-2007) anadan olub. Filmləri: “Dirilər və ölülər”, “Karamazov qardaşları”, “Odun ram edilməsi” və s.

Hazırladı: V.Orxan