“Heydər Əliyev İli” çərçivəsində Ulu öndərin həyatının və dövlətçilik irsinin təbliği istiqamətində müxtəlif tədbirlər, aksiyalar keçirilir. Heydər Əliyev mərkəzlərinə təşkil olunan ziyarətlər də bu qəbildəndir.

Sentyabrın 12-də paytaxtda fəaliyyət göstərən 53 nömrəli tam orta məktəbin pedaqoji kollektivi üçün Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilib.

Qonaqlar əvvəlcə mərkəzin muzey bölməsində Heydər Əliyevin büstünü ziyarət ediblər. Sonra iştirakçılar Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə aid fotoşəkil və eksponatlarla tanış olublar. Mərkəzin əməkdaşları görkəmli dövlət xadiminin çoxşaxəli siyasi fəaliyyəti, Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri haqqında geniş məlumat veriblər.

Ekskursiyanın sonunda Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.