IV Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı son illərin rezonans doğuran ekran işlərini növbəti dəfə Azərbaycan auditoriyası üçün gətirir. Qadınların haqq və azadlıqları uğrunda mübarizə hekayələrini, müxtəlif həyat təcrübələrindən bəhs edən sənədli filmləri “Festivallardan seçmələr” adlı xüsusi proqramda təqdim edəcək festival 15-22 sentyabr tarixlərində Bakı, Şəki və Lənkəran şəhərlərində keçiriləcək.

Amsterdam Beynəlxalq Sənədli Filmlər Festivalında (IDFA) əsas mükafata layiq görülən “Apoloniya, Apoloniya” (Leo Qlob), Sundance Film Festivalında yarışmış “Sirenalar” (Rita Bağdadi), Venesiya kinofestivalının müsabiqədənkənar proqramında nümayiş edilmiş “Aradüzəldən” (Benedetta Argentieri), Berlin Beynəlxalq Film Festivalının qalibi “Tehranda yeddi qış” (Steffi Niderzol) kimi filmlər festival çərçivəsində nümayiş olunacaq.

Əcnəbi və yerli rejissorlar tərəfindən göndərilmiş filmlər içərisindən seçilmiş ekran işləri “Beynəlxalq qısametraj sənədli film”, “Yerli qısametraj sənədli film” və “Tammetraj sənədli film” kateqoriyaları üzrə göstəriləcək. Dünya sənədli kinosunun məşhur imzalarından rejissor Anyes Vardanın retrospektivi, məşhur azərbaycanlı fotoqraf-rəssam Rəna Əfəndi ilə yerli auditoriyanın görüşü də festivalın proqramında yer alıb.

IV Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalının builki şüarı – “Sizin bölgədə əlçatmazdır” texnoloji yeniliklərin sərhədsizliyi fonunda fundamental insan və qadın hüquqlarının müxtəlif regionlarda prioritetə çevrilməməsini diqqət mərkəzinə alır.