İctimai-bədii fikir tariximizdə demokratik düşüncəli, mübariz şəxsiyyət kimi qalan ziyalılarımızdan biri də şair, tədqiqatçı, tərcüməçi Əmin Abid Gültəkin olub. O, Orta əsrlər ədəbiyyatımızın tədqiqində, “Kitabi-Dədə Qorqud” dastanının tədqiq olunmasında böyük xidmətlər göstərib. Eyni zamanda milli düşüncənin yorulmaz təbliğatçısı kimi də tanınıb. Bu il görkəmli ədibin anadan olmasının 125 illiyidir.

Əmin Abid (Əmin Mütəllib oğlu Əhmədov) 1898-ci il noyabrın 2-də Bakıda dünyaya göz açıb. İbtidai və orta təhsilini burada tamamladıqdan sonra ali təhsil almaq məqsədilə 1914-cü ildə Türkiyəyə getmək istəyir. Ancaq yenicə başlayan I Dünya müharibəsi buna mane olur. O, qardaşı şair Əlabbas Müznibin naşiri və redaktoru olduğu “Dirilik” və “Babayi-Əmir” jurnallarında çalışmağa başlayır. Müxtəlif imzalarla hekayə, şeir, məqalə və tərcümələr dərc etdirir.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra onun xaricdə ali təhsil almaq arzusu da gerçəkləşir. İstanbul Universitetinin Ədəbiyyat fakültəsinə qəbul olur. Tələbəlik dövründə “Azərbaycan türklərinin ədəbiyyat tarixi” adlı monoqrafik əsərini qələmə alır. 1920-ci ildə Cümhuriyyət süqut edir, vətəndən gələn acı xəbərlər onun yaradıcılığında da özünü göstərir. “Yeni Qafqaz”, “Azəri-türk”, “Odlu yurd” və digər jurnallarda Gültəkin təxəllüsü ilə milli ruhlu şeirlər dərc etdirir. Sibir sürgünlərinə, təqib və təhqirlərə qarşı etiraz səsini ucaldır. Şairin Türkiyədə qələmə aldığı şeirlər siyasi mühacirlərin köməyi ilə nəşr olunan “Buzlu cəhənnəm” adlı kitabında yer alır.

Əmin Abid 1927-ci ildə Azərbaycana qayıdır, vətənində başqa ovqatla qarşılaşır. İstanbula oxumağa getdiyi zaman milli şüur yüksək, xalqda özünüdərk hissləri güclü idi. İndi isə o bunların əksini müşahidə edir. Sovet rejiminin apardığı yadlaşdırma, milli dəyərləri heçə endirmə siyasətinin, müstəqil düşüncə sahiblərinin təqib edilməsinin şahidi olur. Ancaq bunlara baxmayaraq, o, mənsub olduğu xalqın ədəbiyyatını, folklorunu araşdırmaq işində həvəsdən düşmür, səylərini daha da artırır.

Bakı Dövlət Universitetində işə düzəlir. Qəzet və jurnallarda müasir və klassik ədəbiyyata, şifahi xalq yaradıcılığına dair elmi məqalələri çap edilir. Tədris ocaqlarında, dərnəklərdə mühazirələrlə çıxış edir. “Azərbaycan türklərinin ədəbiyyat tarixi”, “Bayatının türk xalqları ədəbiyyatında mövqeyi”, “Azərbaycan ədəbiyyatının qədim abidələrindən” monoqrafik əsərləri, eyni zamanda “Kitabi-Dədə Qorqud”un mətni haqqında məlumat”, “XVII əsr Azərbaycan ədəbiyyatı”, “Ədəbiyyat tariximizdə Sabirin mövqeyi”, “Mirzə Şəfi haqqında aparılan tədqiqlərə bir baxış”, “Türk el ədəbiyyatına elmi bir baxış (“Oğuznamə”)” kimi məqalələri mətbuatda dərc olunur. Gərgin elmi axtarışları nəticəsində Məhəmməd Füzulinin “Söhbətül-əsmar” əsərini aşkara çıxarır və elm aləminə tanıdır.

Alimin yaradıcılığının ən maraqlı səhifələri folklorumuzla, qədim qaynaqlarımızla bağlı olub. Mənbələrdə göstərilir ki, Əmin Abidin fikrincə, qədim türk dastanlarının ahəngdar mətni – vurğunun cümlələrin sonuna salınması, cümlə və ifadələrin təkrarı və s. zaman keçdikcə cilalanaraq heca vəznli şeiri formalaşdırıb. O, qədim şeirlərimizi “vəznli şeir” adlandırıb. Fikirlərini əsaslandırmaq üçün “Kitabi-Dədə Qorqud”un Drezden Kitabxanasında saxlanılan nüsxəsindən nümunələr verib. Bu dastanın müstəqil bir əsər deyil, “Oğuznamə”nin tərkib hissəsi olduğunu bildirib.

O, elmi yaradıcılığı ilə yanaşı, gizli şəkildə yayılan vətənpərvərlik mövzusundakı şeirləri ilə gənc nəslə milli mübarizə ruhunun aşılanmasında önəmli rol oynayır. Həmin şeirlərin birində müəllif işğalçı bolşevik rejiminə, müstəmləkə zülmünə qarşı etirazını belə ifadə edir:

Qaldıqca ruslarda diyarım mənim,
İntiqam olacaq şüarım mənim.

Əmin Abid millət sevgisinə, vətənpərvərliyinə görə təqiblərə məruz qalır və işdən çıxarılır. Eyni zamanda mətbuatda tənqid hədəfinə çevrilir. Maarif sahəsində aparılan “təmizləmə” əməliyyatı əsasən türk ədəbiyyatı, coğrafiya və tarix müəllimlərinə qarşı yönəldilirdi. Bundan sonra onun Bakıda işləməsi daha da çətinləşir. Məcburiyyət qarşısında qalan alim 1929-1934-cü illərdə Ağdaş, Quba və Ağdam rayonlarında müəllim işləyir.

Milli düşüncəli ziyalıların məhrumiyyət dövrü – 1937-ci il minlərlə günahsız insan kimi Əmin Abidi də qara kölgə kimi təqib edir.1938-ci il iyulun 14-də həbs edilir. Türkiyəyə casusluqda, gənclər arasında pantürkizmi təbliğ etməkdə günahlandırılır. Oktyabrın 21-də, 40 yaşında güllələnir...

S.Fərəcov