Türkiyənin tanınmış kinorejissoru Nuri Bilge Ceylanın “Quru otlar üstünə” filmi Amerika Kino Sənəti Akademiyasının “Oskar” mükafatına namizədlər sırasında yer alıb.

Türkiyə kino sənayesində 15 peşəkar nümayəndənin təmsil olunduğu münsiflər heyəti ekran əsərinin “Ən yaxşı beynəlxalq film” nominasiyasında “Oskar”a namizəd göstərilməsinə qərar verib.

“Quru otlar üstünə” filmi bu ilin mayında Kann Beynəlxalq Film Festivalında nümayiş olunub və əsas rolun ifaçısı Merve Dizdara “Ən yaxşı qadın aktrisa” mükafatını qazandırıb. Maraqlı süjeti olan bu ekran əsəri Şərqi Anadolunun ucqar kəndində çalışan rəsm müəlliminin başına gələn hadisələrdən bəhs edir.

96-cı “Oskar” mükafatlarının təqdimat mərasimi 2024-cü ilin mart ayına nəzərdə tutulub.