Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...

(əvvəli ötən sayımızda)

1996-cı il 13 sentyabr

 

Prezident Heydər Əliyev Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə görkəmli ədəbiyyatşünas Salman Mümtazın (daha öncə Əlyazmalar İnstitutu onun adını daşıyırdı – red.), Elmlər Akademiyasının Əlyazmalar İnstitutuna dahi Azərbaycan şairi Məhəmməd Füzulinin adının verilməsi haqqında sərəncamlar imzalayıb.

“Füzuli ensiklopediyası”nın hazırlanması və nəşr edilməsi ilə bağlı sərəncam imzalayıb.

 

1996-cı il 18 sentyabr

 

Görkəmli Azərbaycan bəstəkarı Müslüm Maqomayevin 110 illiyinə həsr olunmuş yubiley gecəsində çıxış edib.

“...Biz Müslüm Maqomayevin 110 illik yubileyinin keçirilməsində bir qədər gecikmişik, ancaq hesab edirəm ki, onu layiqincə qeyd etdik... Siz, sənət ustaları həm bizim görkəmli bəstəkarlarımızın yaradıcılığını, həm də öz yaradıcılığınızı nümayiş etdirdiniz.

...Mən Moskvadan, Kiyevdən gələn qonaqlarımıza xüsusilə minnətdaram. Onların Müslüm (Maqomayev) və Tamara (Sinyavskaya) ilə birlikdə buraya gələrək bu konsertə rövnəq vermələrini əlamətdar nailiyyət hesab edirəm. Hamımızın ayrıldığı, müstəqil dövlətlərə çevrildiyi indiki vaxtda bu, qeyri-adi hadisədir. Görün, tamaşaçılarımız sizin hamınızı necə qarşıladılar...

Müslüm və Tamara “Azərbaycan” mahnısını ifa edəndə mən iftixar hissi keçirdim ki, bu mahnı 70-ci illərdə, mən Azərbaycana rəhbərlik edəndə, respublikamızı tanıtmaq, Azərbaycanın incəsənətini göstərmək üçün hər şeyi etdiyim vaxt yaranmışdır. Azərbaycanı tərənnüm edən başqa gözəl mahnılar, o cümlədən Polad Bülbüloğlunun bəstələdiyi və Müslüm Maqomayevin ifasında xüsusilə yaxşı səslənən mahnılar da var idi. Lakin yenə mahnılar gərək idi və Müslüm Maqomayev Nəbi Xəzrinin şeirinə həmin “Azərbaycan” mahnısını bəstələdi. Mən ümumiyyətlə, hissiyyatlı adamam, musiqi, mahnılar məni həmişə həyəcanlandırır. Lakin o zaman ki, bu mahnını ifa edirlər, mən özümü xoşbəxt sanıram.

Musiqimizin ağsaqqalı Tofiq Quliyev həmişəki kimi bu gün də gözəl çıxış etdi. Mən onu görəndə həmişə sevinirəm... Rauf Abdullayev bu gün fərqlənirdi, orkestri çox yaxşı idarə edirdi... Bilirsiniz, əgər burada hər birinizdən söhbət açsam, onda sizin tərcümeyi-halınızı özünüzdən daha yaxşı danışaram. Hamınız gözəl, əla çıxış etdiniz...

...Çətinliklərə baxmayaraq, mədəniyyətimiz yaşayır. Yaxın vaxtlarda mən mədəniyyət xadimlərinə kömək göstərilməsi üçün tədbirlər görəcəyəm. İndiki çətin şəraitdə mədəniyyət və incəsənət xadimlərimizin öz işlərini fədakarlıqla davam etdirmələri isə məni çox sevindirir...”.

 

1996-cı il 4 oktyabr

 

Xalq yazıçısı İlyas Əfəndiyevin dəfn mərasimində iştirak edib.

 

1996-cı il 22 oktyabr

 

Türkdilli ölkələrin dövlət başçılarının dördüncü Zirvə görüşündə iştirak etmək üçün Daşkəndə səfəri zamanı “Teymurilərin tarixi” dövlət muzeyində, Səmərqənddə Əmir Teymurun məqbərəsində və “Registan” tarixi kompleksində olub.

Zirvə görüşündəki nitqindən: “...Dahi mütəfəkkirlərimizin yaradıcılığı, “Dədə Qorqud”, “Manas”, “Alpamış” kimi minillik tarixə malik eposlarımız bizim ümumi mədəni sərvətimizdir, xalqlarımızın yüksək mənəviyyatının təməlidir... Daşkənd görüşümüz özbək xalqının böyük oğlu Əmir Teymurun 660 illiyi ilə bir vaxta düşür. Yubiley mərasimlərində müstəqil türkdilli dövlətlərin prezidentlərinin iştirakı əlamətdar tarixi hadisədir, getdikcə möhkəmlənən birliyimizin sübutudur...”.

 

1996-cı il 23 oktyabr

 

Bakıda MDB və Baltika ölkələrinin “Filmfest – 96” festivalının açılış mərasimindən sonra iştirakçılarla görüşdə çıxış edib.

 

1996-cı il 29 oktyabr

 

Naxçıvanda Hüseyn Cavidin məqbərəsinin açılış mərasimində nitq söyləyib.

“Burada çıxış edən şəxslər Hüseyn Cavidin yaradıcılığı haqqında, Azərbaycan xalqı qarşısında onun xidmətləri haqqında ətraflı danışdılar... Məhz bunlara görə də biz 1981-ci ildə Hüseyn Cavidin 100 illik yubileyi haqqında böyük bir qərar qəbul etdik. Bu gün böyük iftixar hissi ilə deyə bilərəm ki, mən bu qərarın həm təşəbbüskarıyam, həm də müəllifiyəm...

Burada deyildi, 1982-ci ildə Hüseyn Cavidin cənazəsini Uzaq Sibirdən Azərbaycana gətirmək asan iş deyildi. Bu, böyük iradə, cəsarət tələb edirdi. Ancaq xalqımıza, millətimizə, tariximizə, mədəniyyətimizə, ədəbiyyatımıza, mənəviyyatımıza olan sədaqət mənə belə bir cəsarət göstərməyə imkan verdi. O vaxt Hüseyn Cavidin cənazəsini Azərbaycana gətirərkən müxtəlif fikirlər var idi. Yazıçılarımız, alimlərimiz, ziyalılarımız fikir mübadiləsi apardılar. Onlar qərar qəbul etdilər. Bu, mənim də qərarım idi ki, cənazə Naxçıvana gətirilsin... O məqsədlə ki, bu, adi qəbir olmayacaq. Qəbirin üzərində məqbərə tikiləcək və bu, böyük bir abidəyə çevriləcəkdir.

Belə fikirlərlə, arzularla o vaxt biz bu qərarı qəbul etdik. Təəssüflər olsun ki, bunu sonrakı illərdə həyata keçirmək mümkün olmadı...

...Nəhayət, biz böyük bir abidənin önündə durmuşuq, bayram edirik. Bu gün böyük iftixar hissi ilə bu abidəni birlikdə açmağa gəlmişik...

Naxçıvanda böyük memarlıq abidələrimiz var. Bu abidə də həmin ənənələrin davamıdır... Bu abidəni yaradanlara, inşası ilə məşğul olanlara təşəkkür edirəm. Memar Rasim Əliyevə, heykəltaraş Ömər Eldarova, “Star” şirkətinə təşəkkür edirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, memarlarımız, rəssamlarımız, heykəltaraşlarımız, mədəniyyət xadimlərimiz Azərbaycan mədəniyyətini bundan sonra da inkişaf etdirəcəklər...”.

Hazırladı: V.Orxan

(davamı var)