29 sentyabr – 2 oktyabr tarixlərində keçirilən “İpək Yolunun mirvarisi” XV Daşkənd Beynəlxalq Film Festivalı çərçivəsində tələbə kinematoqrafçılar üçün ”5 günə film” adlı  qısametrajlı film müsabiqəsi də təşkil olunub.

Müsabiqədə ölkəmizi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri – rejissor Şirin Əhmədli, operator Yusif Qasımlı təmsil ediblər. Müsabiqənin şərtlərinə uyğun olaraq, beş gün ərzində tələbələr tərəfindən “Yüz addım” qısametrajlı filmi çəkilib və birinci yerə layiq görülüb. Müsabiqənin 3000 dollar məbləğində əsas pul mükafatı tələbə kinematoqrafçılara təqdim edilib.

Qeyd edək ki, 50-dən çox ölkənin qatıldığı festival çərçivəsində Özbəkistan Kinematoqrafiya Agentliyi, Özbəkistanın və Azərbaycanın Mədəniyyət nazirlikləri və Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan kinosu günləri” də keçirilib.