Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) və Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə Mədəni və yaradıcı sənayelər üzrə tədris və inkubasiya mərkəzində “Animatorların İnkişafı” (Animator’s Accelerator) proqramı üçün müraciətlərin qəbuluna start verilib.

“Animator’s Accelerator” təlim proqramı yerli animasiya sahəsində kreativ və peşəkar animatorları beynəlxalq səviyyədə tanıtmağı hədəfləyir və Azərbaycan animasiya sektorunun inkişafına dəstək olmaq məqsədilə təşkil olunur.

8 həftəlik təlim proqramı “Lakeside” animasiya studiyasının kreativ direktoru Matthev Lyonnun rəhbərliyi altında keçiriləcək. Onun işləri “Netflix” və “Apple TV” daxil olmaqla beynəlxalq yayım platformasında və dünya tamaşaçıları tərəfindən rəğbətlə qarşılanıb.

Qeydiyyat oktyabrın 8-dək davam edəcək. Təlim proqramında iştirak etmək istəyənlər tərcümeyi-halını və filmoqrafiyasını (əgər varsa) animasiya@creative.az ünvanına göndərə bilərlər.

Xatırladaq ki, bu günlərdə Mədəniyyət Nazirliyinin dəstəyi, ARKA-nın və Azərbaycan Prodüserlər Gildiyasının təşkilatçılığı ilə “Prodüserlərin inkişaf təlimi” adlı proqram da elan olunub.

Avropanın tanınmış prodüserlərindən professor Martin Hagemannın (Almaniya) rəhbərliyi və Titus Kreyenberqin iştirakı ilə təşkil olunacaq təlimlər oktyabrın 9-da başlayacaq və 8 həftə davam edəcək.