Azərbaycanın Latviyadakı Səfirliyinin Liepaya Muzeyi ilə birgə təşkilatçılığı çərçivəsində Əməkdar rəssam İnna Kostinanın “İpək kainatı” adlı sərgisi açılıb.

Liepaya Bələdiyyəsinin nümayəndələri, mədəniyyət xadimləri və sənətsevərlərin iştirak etdiyi sərgidə müəllifin üzərində Azərbaycan mifologiyasından simurq quşu obrazları olan batika ipək boyama texnikasına aid əsərləri, kəlağayı kolleksiyası və Abşeronun  mənzərələrini əks etdirən rəsmlər yer alıb.

Liepaya Muzeyinin direktoru Datse Karkla Azərbaycandan olan tanınmış rəssamın sərgisinə ev sahibliyi etməkdən məmnunluqlarını bildirib. Qeyd edib ki, sərgi xalqlarımızın bir-birinin mədəniyyətini daha dərindən başa düşmək üçün gözəl imkandır və bu mənada mədəni platformalar xalqlar arasında dialoq üçün körpülər yaradır. O, sərginin Azərbaycan-Latviya mədəni əlaqələrinə də töhfə olduğunu deyib.

Səfirliyin birinci katibi Bəxtiyar Musayev Əməkdar rəssam İnna Kostinanın yaradıcılığı haqqında məlumat verib, onun Abşeron və simurq mövzularında, həmçinin kəlağayı ilə bağlı əsərlərinin dərin məzmuna malik olduğu qeyd edilib. Diplomat Azərbaycanın kəlağayı sənətinin 2014-cü ildə UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edildiyini də diqqətə çatdırıb.

Rəssam İnna Kostina sərgi haqqında məlumat verib. Bildirib ki, əsərlərdə ifadə olunan fikirlər ümumilikdə Azərbaycan xalqının ruhunu, adət-ənənələrini və mənəvi dəyərlərini əks etdirir. Rəssam 30 ilə yaxın üzərində işlədiyi kəlağayılardan ibarət əsərləri haqqında da danışıb.

Qeyd edək ki, İ.Kostina Liepaya Musiqi, İncəsənət və Dizayn Məktəbinin şagirdləri ilə öz təcrübəsini bölüşərək, ipək batikası və Azərbaycanın zəngin mədəni irsi haqqında mühazirə də oxuyub.

Sərgi noyabrın 26-dək davam edəcək.