Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 4 oktyabr – Cəbrayıl Şəhəri Gününə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi anılıb.

Aİİ-nin rektoru dosent Aqil Şirinov bildirib ki, oktyabrın 4-ü Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin 3-cü ildönümüdür. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun gücü ilə 2020-ci ilin Vətən müharibəsində tarixi Zəfər qazandıq, torpaqlarımız işğaldan azad olundu. Zəfərə aparan hər bir günün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını deyən rektor Azərbaycan Prezidentinin sərəncamı ilə işğaldan azad olunmuş ərazilər üzrə şəhər günlərinin təsis edilməsinin əhəmiyyətini vurğulayıb.

Aİİ-nin rektoru Cəbrayıl rayonunun tarixi abidələri barədə də danışıb.

Cəbrayıl rayonundan Milli Məclisin deputatı Ceyhun Məmmədov otuzillik işğal dövründə rayonun şəhər və kəndlərinin viran qoyulmasından söz açıb. Bildirib ki, işğaldan azad olunandan sonra Cəbrayılda və digər şəhər və rayonlarımızda geniş bərpa və quruculuq işləri həyata keçirilir.

Tədbirdə daha sonra rejissoru Fariz Əhmədov, ssenari müəllifi Aygün Həsənova olan “30 ildən sonra doğulduğu torpağa dönənlərin hekayəsi. Biz qayıtdıq, Cəbrayıl!” adlı filmin birinci hissəsi nümayiş olunub.