26 sentyabr – 1 oktyabr tarixlərində keçirilən 7-ci “DokuBaku” Beynəlxalq Sənədli Filmlər Festivalının mükafatçıları elan olunub.

Mədəniyyət Nazirliyi, Nizami Kino Mərkəzi, eləcə də Almaniya və Fransanın ölkəmizdəki səfirliklərinin dəstəyi ilə reallaşan festivalda 29 ölkədən 60-dan çox film təqdim olunub. Bu il festivalın əsas mövzusu “KosmoDarvinizm: Dolça əsri” olub və təqdim edilən filmlərin əksəriyyəti sənədli film ustalarının dövrümüzün çağırışları ilə bağlı baxışlarına həsr edilib.

“Ən yaxşı xarici qısametrajlı film” nominasiyasında festivalın qalibi Anastasiya Şubina və Timofey Qlininin (Rusiya Federasiyası) “Piblokto” filmi seçilib.

Rejissor Nəzrin Ağamalıyevanın “Hədis” animasiya filmi (ən yaxşı qısametrajlı Azərbaycan filmi), rejissor Leyla Qənbərlinin “Sanatoriya melodiyaları” (“DokuDarvin” nominasiyasında ən yaxşı qısametrajlı yerli film) və hindistanlı rejissor Nistha Jainin “Qızıl iplik” (eyni bu kateqoriya üzrə ən yaxşı xarici film) filmləri mükafata layiq görülüb.

Danimarkalı rejissor Maykl Qraversenin “Mr. Qraversen” (ən yaxşı tammetrajlı film), italyan rejissorlar Davide Rizzo və Marsia Toscananın “Körpüdən sonra” (“No Main” nominasiyası) filmləri də təltif olunub.

Bundan əlavə, livanlı rejissor Siril Arisin “Vulkanın kənarında rəqs”, Nepaldan Rajan Kathet və Sunir Pandeyin “Qış tətili yoxdur”, eləcə də üç Azərbaycan filmi (“Hasarların arxasında” – Azad Əlizadə, “Dog Doc” – Dadaş Musayev, Sitarə İbrahimbəyli, “Evdən səsləri eşidin” – Səbinə Abubəkirova) münsiflərin xüsusi mükafatına layiq görülüblər.

Qaliblərin elan edilməsi ilə yanaşı, Rəhman Bədəlov və Toğrul Cuvarlıya kinematoqrafiyada xüsusi xidmətlərinə görə “iCyborg” mükafatları da təqdim edilib.