Kim istəməz ki? Bu, bir növ, əbədiyaşarlıq arzusu kimi də anlaşıla bilər. Eh, həyat bütün ağrı və əzabları ilə bizi nə qədər yorub, arada özündən nə qədər küsdürsə də, bizim ona əbədi sevdamız tükənmir.

“Yaşamaq çətin və gözəl sənətdir” deyib hansısa müdrik. Bunu səhnə, sənət adamları bir başqa tərzdə ifadəyə can atırlar həmişə. Sağlam, gənc və səhnədə qalmaq kimi. Amma həyat öz hökmünü verir və o, bizi istədiyi kimi idarə edir. Sonda qalib və ya məğlub tərəflər bəlli olmasa da...

Onu bundan illər əvvəl səhnədə, daha doğrusu, şırma arxasında, canlandırdığı personajların “cism”i və “ruhu”nda görmüşdüm. Qaməti, şaqraq səsi, açıq-qonur gözləri ilə bir başqa həyatsevərliyi vardı. Bütün ömrünü teatra həsr etmək, özü də o teatrın binəsi qoyulandan onun səhnəsində hər gün bir qəhrəmana, bir personaja, bir rekvizitə çevrilmək sizə asan gəlməsin.

Gəncədə olarkən, daha doğrusu, Gəncə Dövlət Kukla Teatrına çatar-çatmaz “Xudayət müəllim gözə dəymir. Yəqin yenə, Allah bilir, hansı kuklasını bağrına basıb əzizləyir, onu yeni tamaşaçıları ilə görüşə hazırlayır” deyib gülümsündüm.

Üzündən təbəssümünü heç vaxt əskik etməyən teatrın direktoru Fərmail Paşayevin gözləri yaz buludu kimi dolub-boşaldı və boğazında düyünlənən qəhərilə “Xudayət müəllim xəstədir, artıq səhnəyə çıxmır” deyib köks ötürdü. Bir neçə saniyə ikimiz də susduq. Təqaüd yaşı 65-ə çatanda teatrdan getmək əndişəsi ilə yaşayıb zamanla mücadilə aparan sənət fədaisinin ömrün 63-cü payızında səhnə ilə belə çarəsiz və ixtiyarsız vidalaşması ürəyimi göynətdi. Bu yerdə onsuz yetimləşən kuklaları, hər birinə bir fərd kimi yanaşdığı cansız qəhrəmanları gözlərim önündə dayandı. Sonra onlara acığım tutdu. Niyə? Axı, onları hərəkətə gətirən, can, ruh, dil-ağız, ömür, nəfəs verən adamlar qocalıb, xəstələnib ... səhnədən getsələr də, kuklalar teatr binalarının rekvizit sexlərindəki asılqanlarında özlərinin “kukla kimi qocalmaq” səfalarını sürürlər...

Xudayət Məmməd oğlu Əsgərov 1960-cı il fevralın 14-də Gəncə şəhərində anadan olub. Musiqi məktəbinin tar sinfini və Gəncə İnşaat Texnikumunu  bitirib. Təhsil aldığı illərdə şəhərdəki “İnşaatçılar” Mədəniyyət sarayının “Gənclik” xalq teatrında həvəskar aktyor kimi fəaliyyət göstərib. 1981-1986-cı illərdə Gəncə Dövlət Dram Teatrında səhnə maşinisti kimi çalışıb. 1986-cı ildən – yəni Gəncə Dövlət Kukla Teatrı yaranandan orada aktyor kimi çalışıb.

Bu teatrın səhnəsində onlarla tamaşada müxtəlif səpkili rollar oynayıb, bir neçə səhnə işinə quruluş verib. “Meşə çaqqalsız olmaz”, “Pinokkionun sərgüzəştləri”, “Tənbəl Əhməd”, “Xoruzun hikkəsi”, “Dəli Domrul”, “Şeytanın dostu” kimi tamaşalar onun quruluşçu rejissor kimi istedad və bacarığının təzahürləridir. Bir sıra beynəlxalq kukla teatrları festivallarında ölkəmizi layiqincə təmsil edib. 2006-cı ildə Prezident mükafatına, 2013-cü ildə isə “Əməkdar artist” fəxri adına layiq görülüb.

...Bakıdan həmkarların gəldiyini eşidən kimi evdəkilərə göz açmağa imkan verməyib ki, bəs məni də aparın, dostlarım uzaq yoldan gəliblər, onların görüşünə getməsəm, eyib olar.

Fərmail müəllim cansıxıcı sükutu pozub bir az aralıda dayanan maşına sarı yüyürdü. Sonra teatrın həyətində toplaşan gənclərə “Uşaqlar, görün kim gəlib” deyib qəhrəmanımı göstərdi. Aylardır görmədiyi həmkarlarını, həsrət qaldığı doğma teatrını yaddaşına əbədi həkk edirmiş kimi gözlərini daha iri açan qocaman kuklaçı, Əməkdar artist Xudayət Əsgərov gülümsünərək titrək əllərini dodaqlarına aparıb, hər kəsə təşəkkürünü öpüşləri ilə ifadəyə çalışdı.

Sevinə-sevinə “Ora, zala aparın” deyib az qala quş tək uçacaqmış kimi əllərini yana açdı.

Azərbaycan Dövlət Kukla Teatrının gəncəlilərə sənət sovqatı olan “Melisa” tamaşasını, həmkarlarının ifalarını, canlı plan və kukla oyunlarını ilk dəfə görürmüş kimi həyəcanla izlədi. Bir saatdan çox çəkən tamaşa müddətində diqqəti bir an belə səhnədən yayınmadı. Vallah, lap məəttəl qaldım. İnsanın kuklaya, teatra, səhnəyə bu boyda məhəbbətindəki hikmət, məntiq, məram, nə qədər çalışsam da, mənə tam mənasında məlum olmadı.

O, tamaşaya, mənsə ona baxırdım. Personajlar, səhnələr, işıq və musiqilər dəyişdikcə əllərini ona uyğun hərəkət etdirir, sanki özü səhnədəymiş kimi ritmi və tərzi əl və ağız hərəkətləri ilə ifadə edirdi. Bəzən gözlərini qıyıb diqqətlə hansısa detalı nəzərdən keçirdikdən sonra məmnun təbəssümlə baş barmağını qaldırıb səhnədəkilərə “əla” işarəsini verirdi.

Tamaşa bitdi, uşaqların alqış və qəhqəhələrindən, şıltaq çığır-bağırlarından sonra salonda yalnız hər iki teatrın heyəti qaldı. Fürsətdən istifadə edib ona yanaşdım. Bir-iki dəqiqəlik fikir mübadiləsi elədik. Özünəməxsus təhlil verdi, tamaşa haqqında fikirlərini dedi. Onu prosesə qaytarmaq cəhdim kimi “Bəs siz necə edərdiniz” sualını verdim. Bir himə bəndimiş kimi tələm-tələsik nəyi necə “edərdim”lərini dedi. Elə həvəs və həyəcanla danışırdı ki, sözünü kəsmək mümkün deyildi. Necə oldusa, peşə dövrümün ən uğursuz və amansız sualı çıxdı ağzımdan. Ondan səhnə üçün nə qədər darıxdığını xəbər aldım.

Kaş, kaş heç bu fikrə düşməzdim. Hönkürtü qarışıq fəryad ayaqlarımı yerdən kəsdi. Başını bulaya-bulaya “Darıxmaq nədir, ürəyim partlayır. Dəli oluram. Çarəm olsa, o səhnədə son nəfəsimi verərəm” deyib taqətdən düşən əllərini yuxarı qaldırdı. Və  “Qərqi-dəryayi-qəm oldum, ey Xudaya, dadə yet, Qüssədən gültək saraldım, ey Xuda, fəryadə yet...” ( Mir Möhsün Nəvvabın qəzəliymiş, sonradan öyrəndim) deyib inildədi.

Kor-peşman kömək üçün ətrafıma boylandım. Dilim-dodağım quruduğundan ona təsəlli də verə bilmədim. Səsinə illərdir bir səhnəni bölüşdüyü həmkarları gəldi, onu dövrəyə alıb ən arzuladığı mənzərəni yaratdılar: səhnədəymiş kimi gurultulu, sürəkli alqışladılar. Tez günahımı yumaq üçün tamaşaçılardan birinin mənə verdiyi bir dəstə payız çiçəyini ona uzadıb “Aktyorun qucağı çiçəklə dolmalıdır” dedim. Zoraki gülümsədim. Təzim edirmiş kimi əllərini sinəsinə apardı...

Belə qərara gəldik ki, o, tez bir zamanda sağalaraq səhnəyə çıxıb, ən sevdiyi tamaşalarından birini oynayacaq. Mən də mütləq gedib izləyəcəm. Üstəlik, bir yazı da yazacam. Görək, hələ kim sözünün üstündə duracaq?...

Həmidə Nizamiqızı