Xəbər verdiyimiz kimi, 4-6 oktyabr tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Memarlar İttifaqının təşkilatçılığı, Beynəlxalq Memarlar İttifaqının dəstəyi ilə VI Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi keçirilib. Ənənəvi müsabiqə bu dəfə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunub.

Bu il müsabiqəyə 26 ölkədən 200-dən çox iş təqdim olunub. Onlardan 37-si yerli memarlara məxsusdur.

Oktyabrın 6-da müsabiqənin nəticələri elan olunub. Mərasimdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, mədəniyyət nazirinin müavini Murad Hüseynov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi idarə heyətinin sədri Şahin Seyidzadə, münsiflər heyətinin üzvləri, digər qonaqlar iştirak ediblər.

Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri Elbay Qasımzadə diqqətə çatdırıb ki, müsabiqə hər birində üç yer olmaqla yeddi nominasiya üzrə keçirilib və ümumilikdə 21 iş seçilərək mükafata layiq görülüb.

1-ci, 2-ci və 3-cü yerlər üçün müvafiq olaraq 4000, 2500 və 1000 manat pul mükafatları və diplomlar, eləcə də hər nominasiyanın birincisi üçün simvolik kubok təqdim olunur.

Beləliklə, A nominasiyasında (İctimai binaların memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə) mükafatçılar: I yer – Nguyen Quang Hien (Vyetnam, “The Vibes Urban Green Hub” layihəsi); II yer – Natalina Vieira da Costa, Frédéric Hérard (Fransa, “Mathaux Nautical Centre”);  III yer – Islam El Mashtooly (Misir, “Once Upon a Forest”).

B – Yaşayış binalarının memarlığı sahəsində  həyata keçirilmiş ən yaxşı layihə nominasiyası: I yer – Asif Mohammed Ahsanul Haq (Banqladeş, “Anukrom” layihəsi); II yer – Anas Koubaiti (Fransa, “The Bioclimatic Ribat”); III yer – Sharif Uddin Ahammed (Banqladeş, “The Carnation”).

C – Həyata keçirilmiş ən yaxşı interyer nominasiyası: I yer – Rakibul Hasan (Banqladeş, “Auchan Retail” layihəsi);  II yer – Maya Sereteli (Gürcüstan, “Loft in Tbilisi”); III yer – Iqbal Sarawat, Monon-Bin Yunus, Rajib Ahmed (Banqladeş, “Rejuvenated Coexistence_Charuta Factory Office Interior Design’’).

D – Həyata keçirilməmiş ən yaxşı layihə nominasiyası: I yer – Comi Serena, Baldi Gino (İtaliya, “House without a roof” layihəsi); II yer – Pedro Paes Lira (Braziliya; “Marupi”);  III yer – Sharif Uddin Ahammed (Banqladeş, “Resilient Response for Coastal Area”).

E – Landşaft memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə nominasiyası: I yer – Song Yehao (Çin, “Fish-Joy Bamboo Pavilion of INBAR of 2021 Yangzhou Expo” layihəsi); II yer – Simone Gobbo, Motolla Alberto (İtaliya, “Bivouac Fanton”); III yer – İnarə Əzimzadə (Azərbaycan, “Heydər Əliyev parkının yenidən qurulması və landşaft dizaynı”).

F – Binaların bərpası və yenidən qurulması sahəsində həyata keçirilmiş ən yaxşı layihə nominasiyası: I yer – Song Yehao (Çin, “History Museum of Qifeng Village” layihəsi); II yer –  Mouaz Abouzaid (Misir, “Maghagha Post Office”); III yer –  Uğur Miralay (Azərbaycan, “Şuşa şəhərində Mehmandarovların malikanə kompleksinin bərpası”).

G – Memarlıq sahəsində ən yaxşı nəşr nominasiyası:  I yer – Raihə Amənzadə (Azərbaycan, “Gəncə – memarlıq salnaməsi XII-XIX” kitabı); II yer (iki mükafat) – Azərbaycan Memarlar İttifaqı (“Azərbaycan Memarlar İttifaqı – 85” kitabı) və  Mohammed Mahbubur Rahman (Banqladeş, “City of an Architect” kitabı).

Mükafatlandırmadan sonra münsiflər heyətinin üzvləri Kevin Bingham, Divya Kush və Giuseppe Cappochin Azərbaycan Memarlar İttifaqının fəxri fərmanları və hədiyyələrilə təltif ediliblər. Ənənəvi olaraq, Bakı Beynəlxalq Memarlıq Müsabiqələrində 1-ci yerlərin qaliblərinə verilən kubokun eynisi Beynəlxalq Memarlar İttifaqında saxlanılmaq üçün Fransaya, təşkilatın qərargahına göndərilir və bu missiyanı yerinə yetirmək münsiflər heyətinin sədri xanım Deniz İncedayıya həvalə edilib. Bundan başqa ona, Azərbaycan Memarlar İttifaqının fəxri fərmanı və hədiyyə təqdim olunub.

Həmçinin müsabiqənin həmtəsisçisi kimi Mədəniyyət Nazirliyinə müsabiqənin kuboku  və Memarlar İttifaqının fəxri fərmanı təqdim edilib. Beynəlxalq Memarlar İttifaqının sabiq prezidenti Jose Luis Kortes Azərbaycan Memarlar İttifaqının ali təltifi olan “Mikayıl Hüseynov” xatirə medalı ilə təltif olunub.

Lalə