Oktyabrın 12-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda tanınmış şair, Əməkdar incəsənət xadimi Əli Tudənin (1924-1996) qarşıdan gələn 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

Tədbiri AYB-nin Cənubi Azərbaycan şöbəsinin müdiri Sayman Aruz açaraq şairin həyat və yaradıcılığı ilə bağlı çıxış etdi. Diqqətə çatdırdı ki, Əli Tudə Cənubi Azərbaycanın Ərdəbil bölgəsində dünyaya göz açıb. Ömrü boyu bütöv və azad Azərbaycan eşqi ilə yaşayıb. Yaradıcılığı ilə xalqın çoxəsrlik birlik amalının alovunu sönməyə qoymayıb.

O daha sonra şairin oğlu Natiq Cavadzadənin nəşr etdirdiyi “Əli Tudə – 100” kitabı barədə danışdı, nəşrin əhəmiyyətini vurğuladı. Qeyd etdi ki, bu günlərdə işıq üzü görən kitabda məlumatlar “Yazıçılar, fikirlər, sənədlər”, “Həsr olunan şeirlər”, “Biblioqrafiya”, “Qəzet və jurnallarda dərc olunan digər yazılar” adlı dörd bölmə üzrə quraşdırılıb. 

AYB-nin sədri Xalq yazıçısı Anar çıxış edərək Azərbaycan ədəbiyyatında Əli Tudəni özünəməxsus dəst-xətti ilə seçilən, həyatında xoşbəxtlik və bədbəxtliyin bir-birini əvəz etdiyi şair kimi xarakterizə etdi. Bildirdi ki, şair tarixin gərdişi, taleyin hökmü ilə bu taydan o taya, o taydan bu taya köç edərək keşməkeşli ömür sürüb. O, ömür boyu azadlıq duyğuları, yurd həsrəti ilə yaşayıb-yaradıb. Gənclik illərindən həyatı qaçaqaç-qovhaqovda, qadağalarda keçib. Əsərlərinin ilham mənbəyi şifahi xalq ədəbiyyatı və milli-mənəvi dəyərlər olub.

AYB-nin katibi Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli çıxışında Əli Tudə yaradıcılığının dərin mənalılığı və zənginliyindən danışdı. Diqqətə çatdırdı ki, şairin şeirlərinin hər sətrində el sözü, hər beytində xalqın səsi var. Vətənin torpağından, daşından və qəhrəmanlıq tarixindən qaynaqlanan yaradıcılığı atalar sözləri, xalq məsəlləri ilə zəngindir.

Daha sonra tanınmış şair, yazıçı Əlirza Xələfli, Əməkdar jurnalist  Rəhim Hüseynzadə və başqaları çıxış edərək görkəmli şairin Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən danışdılar. Qeyd etdilər ki, Əli Tudə ədəbiyyata lirik şair kimi gəlib. Mövzu dairəsi geniş və rəngarəng olub. Yaradıcılığı oxucular tərəfindən maraqla qarşılanaraq xalqın sevimlisinə çevrilib.

Yubiley tədbirinin sonunda şairin oğlu Natiq Cavadzadə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə, bütün iştirakçılara təşəkkür etdi.

Savalan Fərəcov