Oktyabrın 14-də Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Məmməd Arazın (1933–2004) anadan olmasının 90-cı ildönümü tamam oldu.

Məmməd Araz Azərbaycan ədəbiyyatında zəngin ədəbi irsə, sənətkarlıq qüdrətinə malik söz ustadıdır. Müasir ədəbi fikrin və milli azadlıq ideyalarının formalaşmasında Məmməd Araz poeziyasının müstəsna yeri və rolu olub.

***

Yubiley münasibətilə Birinci Fəxri xiyabanda, Məmməd Arazın məzarı önündə Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə tədbir keçirilib. Məmməd Araz poeziya günü çərçivəsində keçirilən tədbirdə tələbələr, yazarlar, şairin yaxınları iştirak ediblər.

“Məmməd Araz poeziya günü” layihəsinin rəhbəri, universitetin müəllimi Qardaşxan Əzizxanlı vurğulayıb ki, şairin yaradıcılığının əsas qayəsini yurdun azadlığı, müstəqilliyi və bölünməzliyi, bütöv Azərbaycan ideyası təşkil edib. O, layihə çərçivəsində keçiriləcək tədbirlər barədə məlumat verib.

Universitetin tələbələri Məmməd Arazın şeirlərini söyləyiblər.

Şair Ağacəfər Həsənli, şair-publisist Əbülfət Mədətoğlu və digər çıxış edənlər Məmməd Arazla bağlı xatirələrini danışıb, unudulmaz ədibin poeziyasına öz sevgilərini izhar ediblər.

Şairin qızı Şəlalə İbrahimova tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

***

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Məmməd Arazın 90 illiyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib.

Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlu şairin yaradıcılığından söz açıb. Bildirib ki, mənalı, keşməkeşli və şərəfli, bütövlükdə Vətənə və sənətə həsr olunmuş əsl şair-vətəndaş ömrü yaşayan Məmməd Araz vətəndaş qeyrətli ədəbiyyat nəhəngidir. Onun yaradıcılığının baş qəhrəmanı Azərbaycandır. Ona görə də bu görkəmli şair milli azadlıq ideyalı əsərləri ilə xalqımızın yaddaşına əbədilik həkk olunub.

Şimali Kiprdəki Lefke Avropa Universitetinin dosenti Nazim Muradov şairin yaradıcılığının nəinki Azərbaycan, ümumən türk xalqları ədəbiyyatının mühüm ədəbi-mədəni hadisəsi olduğunu vurğulayıb.

Filologiya fakültəsinin dekan müavini Anar Fərəcov şairin vətənpərvərlik, doğma torpağa, təbiətə məhəbbət mövzularında şeirlərinin əhəmiyyətindən bəhs edib.

Tədbir çərçivəsində Məmməd Arazın əsərlərindən ibarət kitab sərgisi təşkil edilib, şairin ömür yolu ilə bağlı film nümayiş olunub. Filologiya fakültəsinin tələbələri şairin şeirlərini söyləyiblər.