80 yaşını qeyd edən Xalq rəssamı Arif Hüseynovun yubileyi münasibətilə ilin əvvəlindən  bir neçə sərgi-tədbir təşkil olunub.

Oktyabrın 13-də Azərbaycan Milli İncəsənət Muzeyində Arif Hüseynovun 80  illiyinə həsr olunmuş sərgilər silsiləsinin sonuncusu – “Miniatürsayağı” adlı sərgi açıldı.

Qeyd edək ki, yubiley sərgi tədbirləri Milli Məclisin Mədəniyyət komitəsi, Rəssamlar İttifaqı, Milli İncəsənət Muzeyi, “HüsnАrt” təsviri sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

Milli İncəsənət Muzeyinin direktoru Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev tədbiri açıq elan edərək qonaqları salamladı.

Rəssamlar İttifaqının katibi Xalq rəssamı Ağəli İbrahimov yubilyar həmkarını təbrik edərək yaradıcılığından söz açdı. Diqqətə çatdırdı ki, Arif Hüseynov əsl rəssam həyatı yaşayıb. Əsərlərində milli-mənəvi dəyərlərimizi peşəkarlıqla göstərən sənətkarın bu istiqamətdə folklora, adət-ənənəyə, maddi mədəniyyət nümunələrinə həsr etdiyi silsilə rəsmləri qədim miniatürlərimizə yeni və yaradıcı baxış hesab etmək olar.

Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev, Əməkdar jurnalist Etibar Babayev, sərginin kuratoru Ziyarət Cabarova yubilyarı təbrik etdilər.

Bildirildi ki, rəssamın işlədiyi miniatürlərdə nağıllarımıza parlaq və fərdi cizgilərlə yeni həyat bəxş edilib, onlardakı sehr, müdriklik, ülviyyət, xalqımızın mifoloji dünyagörüşü xüsusi peşəkarlıqla təsvir olunub. Qeyd edildi ki, Arif Hüseynovun çoxşaxəli yaradıcılığının bir istiqaməti də kitablara çəkdiyi illüstrasiyalardır.

Sonda yubilyar çıxış edərək təşkil edilən tədbirlərin ideyasının yaranmasında ilk gündən dəstək göstərmiş Milli Məclisin Mədəniyyət Komitəsinin sədri mərhum Qənirə Paşayevanın xatirəsini dərin ehtiramla yad etdi. Fırça ustası dəvəti qəbul edib sərgiyə gələn hər kəsə təşəkkürünü bildirdi. Xalq rəssamı növbəti, 80-dən sonrakı həyatı üçün ona ilham verən tarixi Zəfərimizə və bütöv Azərbaycanımıza görə xalqımıza, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını ifadə etdi.

Sonra qonaqlar sərgi ilə tanış oldular. Oktyabrın 20-dək davam edəcək “Miniatürsayağı” sərgisinə 50 əsər daxildir.

Lalə