ŞKTC Prezidenti Ersin Tatar bu münasibətlə ölkəmizə səfər edib

 

Xəbər verildiyi kimi, Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar oktyabrın 12-dən 16-dək Azərbaycanda olub. Bu, Şimali Kipr rəhbərinin ölkəmizə ilk səfəridir.

Ersin Tatarın səfəri əsnasında 13-14 oktyabr tarixlərində Bakıda Şimali Kiprin mədəniyyət və tanıtım günləri təşkil edilib.  ŞKTC Prezidenti bir sıra görüşlər keçirib, tədbirlərə qatılıb.

Oktyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyev ŞKTC rəhbərini qəbul edib. Görüşdə Azərbaycanla Şimali Kipr arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Oktyabrın 13-də Prezident Ersin Tatarın iştirakı ilə Bakıda Şimali Kiprin mədəniyyət və tanıtım günlərinin açılışı olub. Mərasimə Türkiyənin Bakıdakı səfiri Cahit Bağcı, Şimali Kiprin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Arca Turganer və digər rəsmilər qatılıb.

Ersin Tatar çıxış edərək Kipr türk xalqının böyük türk millətinin ayrılmaz bir parçası olduğunu vurğulayıb. O, Azərbaycana səfərinin ölkəsinin gələcəyi üçün faydalı olacağına inandığını bildirib: “Biz taleyi bir, keçmişi bir, qəlbi bir olan eyni millətin övladlarıyıq. Adət-ənənələrimiz, mədəniyyətlərimiz, milli dəyərlərimiz birdir. Azərbaycanı hər zaman ana vətənimiz Türkiyə Cümhuriyyətinin yanında qəbul etmişik”.

Ersin Tatar ölkələrimiz arasında əlaqələrdə yeni bir mərhələnin başlanmasına görə Azərbaycan rəhbərliyinə təşəkkürünü bildirib, mədəniyyət və tanıtım günlərinin bu əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyini deyib: “Prezident İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı Azərbaycan torpaqları azadlığa qovuşub. Azərbaycan dövlətinə və xalqına bundan sonra sülh, əmin-amanlıq və gözəl həyat arzu edirəm. Bizlər bir-birimizin gözünə baxarkən ürəyimizdən keçənləri oxuyuruq. Can Azərbaycanla əlaqələrimiz mədəni, ticarət, təhsil və başqa sahələrdə daha da inkişaf edəcək. Biz böyük Türk dünyasının övladlarıyıq. Türk dünyasının bir-birinə daha da yaxınlaşması, qardaşlıq bağlarının möhkəmlənməsi üçün yeni böyük addımlar atılacaq”.

Sonra Şimali Kiprin təhsil, turizm, inşaat, hotelçilik və digər sahələrini əhatə edən stendlərə baxış keçirilib. Şimali Kiprin İskele Bələdiyyəsi xalq oyunları qrupunun maraqlı rəqs nömrələri tədbirə rəng qatıb.

Oktyabrın 14-də Bakıda Şimali Kiprin mədəniyyət və tanıtım günləri çərçivəsində fotosərgi və Kipr türk geyimləri sərgisi təşkil olunub. Tədbirdə ŞKTC Prezidenti Ersin Tatar iştirak edib. Qeyd olunub ki, nümayiş olunan fotolar müxtəlif dövrlərdə Şimali Kiprdəki həyatı əks etdirir. Sərgidə rəsm əsərləri, Şimali Kiprə məxsus geyimlər nümayiş etdirilib, milli rəqslər ifa olunub.

Oktyabrın 15-də Ersin Tatar rəhbərlik etdiyi nümayəndə heyəti ilə İçərişəhərdə olub. Qonaqlara 2000-ci ildən UNESCO-nun Dünya İrs Siyahısında yer alan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan abadlaşdırma və bərpa işləri barədə məlumat verilib. Ersin Tatar gəzinti zamanı sakinlərlə söhbət edib.

Lalə