Dağıstanın dünyaca məşhur şairi, Azərbaycan ədəbiyyatının yaxın dostu, ədəbi fəaliyyəti ilə Rusiya-Azərbaycan mədəni əlaqələrinə də töhfələr vermiş Rəsul Həmzətovun (1923-2003) 100 illiyi Bakıda da silsilə tədbirlərlə qeyd olunur.

Oktyabrın 11-də Heydər Əliyev Sarayında Dağıstanın Xalq şairi Rəsul Həmzətovun 100 illiyi münasibətilə təntənəli yubiley tədbiri keçirilib. Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə gerçəkləşən tədbirdə Rusiya Federasiyası Dağıstan Respublikası Hökumətinin sədr müavini Müslüm Teləkavov, Dağıstanın mədəniyyət naziri Zarema Butayeva, digər rəsmilər, eləcə də mədəniyyət, ədəbiyyat, ictimaiyyət xadimlərindən ibarət nümayəndə heyəti iştirak edib.

Qonaqlar öncə sarayın foyesində dağıstanlı el sənətkarları və rəssamların əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Tədbirdə çıxış edən Azərbaycan mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, əsərləri müxtəlif dillərə, o cümlədən Azərbaycan dilinə tərcümə olunan Rəsul Həmzətovun sənət kredosunu səciyyələndirən başlıca amil milli-mənəvi kimliyini qoruyub saxlamaqla dünyaya, bəşəri dəyərlərə inteqrasiya, digər xalqların mədəni irsinə yüksək hörmət və ehtiramın nümayişidir. Vurğulanıb ki, ədibin Azərbaycan ədəbiyyatına bəslədiyi sevgi, müasiri olduğu şair və yazıçılarımızla dostluq və yaradıcı əməkdaşlıq etməsi, Bakı şəhərinə olan xüsusi rəğbəti hər iki xalqın ədəbi tərcümeyi-halının işıqlı səhifələrindəndir.

Yubiley mərasimində iştirak edən şairin qızı, Dağıstan Təsviri İncəsənət Muzeyinin direktoru Salihət Həmzətova jurnalistlərə açıqlamasında vaxtilə valideynləri ilə bir neçə dəfə Bakıya gəldiyini, atasının Səməd Vurğun və Nəbi Xəzri ilə dostluğunu, görüşlərini  gözəl xatırladığını bildirib. “Atam Azərbaycana, eləcə də yaxın dostu Səməd Vurğuna çoxlu sayda şeirlər həsr edib. “Dostuma” şeiri bizdə çox məşhurdur, hətta ona musiqi də yazıblar. Çoxları bunun xalq mahnısı olduğunu düşünür. 1997-ci ildə dahi Heydər Əliyevin dəvəti ilə atamın Bakıya səfərini də heç vaxt unutmayacağam”, – deyə o  bildirib.

Yubiley gecəsində şairə həsr olunmuş ədəbi-musiqili tamaşa nümayiş olunub. Dağıstanın və Rusiyanın aktyor heyətinin yer aldığı səhnə kompozisiyasında şairin həyatının mərhələləri, yaradıcılığının bəşəri miqyası və poetik istedadı, habelə rus və dünya ədəbiyyatına verdiyi töhfələr əks olunub.

Proqramda Rəsul Həmzətovun sözlərinə yazılmış populyar mahnılar səslənib. Musiqili hissədə azərbaycanlı ifaçılar da çıxış ediblər.

Xatırladaq ki, bundan öncə Bakıdakı Rus Evində və Beynəlxalq Muğam Mərkəzində Rəsul Həmzətovun 100 illiyi münasibətilə kitab təqdimatları, poeziya və musiqi axşamları keçirilib.

L.Azəri