Xəbər verdiyimiz kimi, 9-13 oktyabr tarixlərində Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) və Azərbaycan Prodüserlər Gildiyasının təşkilatçılığı ilə “Prodüserlərin yüksəlişi” adlı təlim proqramının birinci mərhələsi keçirilib.

Təlimi Avropanın məşhur prodüserləri Martin Hagemann və Titus Kraymberq keçiblər. İştirakçılar Avropa standartlarına uyğun kino layihə sənədlərinin hazırlanması sahəsində baza bilikləri əldə edib, ilin sonunadək isə praktik mentorluq vasitəsilə xarici mentorların nəzarəti və məsləhətləri ilə yeni kino layihələrini hazırlayacaqlar.

Təlimin birinci mərhələsini 30 nəfər müvəffəqiyyətlə bitirib. İştirakçılar xarici mentorlarla təmas qurmaqla yeni layihələr üzərində işlərini 7 həftə davam etdirəcəklər.

Layihənin rəhbəri Martin Hagemann təlimin iştirakçıları arasında təcrübəli və kino sahəsində ilk addımlarını atan şəxslər olduğunu vurğulayıb, belə təlimlərin gələcəkdə daha səmərəli layihələrin ərsəyə gəlməsinə xidmət edəcəyinə inandığını bildirib.

Qeyd edək ki, təlim proqramının yekununda yerli və xarici mütəxəssislər tərəfindən seçiləcək layihələrə Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyi tərəfindən xüsusi mükafatların verilməsi nəzərdə tutulur.