Bakıda 3-cü “Rebuild Karabakh” sərgisi keçirilir

 

Qarabağda və Şərqi Zəngəzurda uğurla icra edilən quruculuq-bərpa və reinteqrasiya işləri dövlət və özəl sektor arasında faydalı əməkdaşlıq və inkişaf nümunəsinə çevrilir.

Bu fikirlər Prezident İlham Əliyevin oktyabrın 19-da Bakıda açılan 3-cü Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” ‒ “Rebuild Karabakh” Sərgisinin iştirakçılarına müraciətində qeyd olunub.

“Sərgi iştirakçılarını – qabaqcıl iş adamlarını işğaldan azad edilmiş doğma torpaqların bərpası və inkişafı üçün dövlətimiz tərəfindən yaradılmış imkanlardan faydalanmağa, habelə biznes ideyalarını vahid məqsəd ətrafında birləşdirməyə dəvət edirəm. Əminəm ki, “Rebuild Karabakh” Sərgisi Qarabağda və Şərqi Zəngəzurda faydalı təşəbbüslərin uğurla gerçəkləşməsi və yeni işgüzar əlaqələr qurulması baxımından əlverişli platforma olacaqdır”, ‒ deyə müraciətdə bildirilir.

Oktyabrın 19-da Bakı Ekspo Mərkəzində keçirilən “Rebuild Karabakh” Azərbaycanın işğaldan azad olunmuş torpaqlarının bərpasına həsr edilmiş ixtisaslaşmış sərgidir. İlk dəfə 2021-ci ildə keçirilən sərginin məqsədi Qarabağda bərpa və yenidənqurma işlərinə diqqəti çəkmək, biznesin bu ərazilərin inkişafında və infrastrukturun bərpasında iştirakını, buraya investisiya qoyuluşunu təşviq etməkdir.

Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən “Rebuild Karabakh”la yanaşı, Bakı Ekspo Mərkəzində 28-ci Azərbaycan Beynəlxalq İnşaat (“BakuBuild”), 15-ci Yubiley Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu (“Aquatherm Baku”) və 11-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat (“Road&Traffic”) sərgiləri də keçirilir. Sərgilər oktyabrın 21-dək davam edəcək.

“2025-ci ildə Ağdam şəhəri və ətraf kəndlərə sakinləri köçürə bilərik”

Ağdam şəhərində görüləcək işlərin miqyası daha çoxdur. Bu gün orada genişmiqyaslı tikinti işləri gedir.

Bunu “Rebuild Karabakh” sərgisində iştirak edən Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

O qeyd edib ki, Ağdam şəhərində artıq 3 məhəllənin təməli qoyulub. İki məhəllədə  işlərə başlanılıb: “Daha 3 məhəllənin yaxın zamanda təməli qoyulacaq. Gələn ilin əvvəlində bütün bu tikinti işlərinə başlanılacaq. 2025-ci ilin ortalarından başlayaraq Ağdam şəhərinə və onun ətraf kəndlərinə, Xıdırlı, Kəngərli, Sarıcalıya məskunlaşmanı həyata keçirə bilərik. Bunun ardınca digər kəndlər də gələcək, Arazxanbəyli, Salahlı, Güllücə, bütün bu kəndlərin hamısı “Böyük Qayıdış” l Dövlət Proqramında qoyulmuş vaxta uyğun olaraq tikilib təhvil veriləcək”, – deyə Emin Hüseynov bildirib.

Prezidentin xüsusi nümayəndəsinin sözlərinə görə, 2026-cı ilə qədər Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 34500 ailənin – 140 min keçmiş məcburi köçkünün məskunlaşması nəzərdə tutulur.

Xatırladaq ki, Ağdamın Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərinin təməlqoyma mərasimi 2022-ci il oktyabrın 4-də qoyulub.