Otuz il intizarında olduğumuz Zəfərin üçüncü ildönümündə, ruhumuzun təzələndiyi bu günlərdə ekran-efir, mətbuat, saytlar, sosial media – bütün informasiya mənbələri bizə I və II Qarabağ müharibələrinin qəhrəmanlarını xatırladır. Teatrlar da öz repertuarlarını yaşadığımız tarixin ruhuna uyğun tərtib ediblər. Amma bütün bunları bir arada, bir salonda görüb izləmək ayrı bir ovqatdır...
Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Bakı Uşaq və Gənclər Teatrının birgə təşkil etdiyi “3+3=7” festivalının ikinci-üçüncü günlərinin tamaşalarını da bu ovqatla seyr etdik.
Noyabrın 2-də, festivalın ikinci günü Teatr Xadimləri İttifaqının salonunda Bakı Uşaq və Gənclər Teatrı növbəti tamaşasını oynadı: İlhamə Əhmədovanın müəllifi və rejissoru olduğu tamaşa “Cənnətə məktub” adlanırdı. 44 dəqiqə ərzində tamaşaçılar səhnədəki Ata, Ana, Gəlin və övladlarla birlikdə şəhid vermiş ailənin acısını və qürurunu yaşadılar. Bu obrazları canlandıran Mehman Piriyev (Şəhid atası), Flora Hüseynova (Şəhid anası), Türkan Şahmarlı (Gəlin) da Şəhid valideyni, şəhid xanımı olmağın şərəfini, dözümünü çatdıra bildilər. Bəs uşaqlar? Şəhid qəhrəmanın iki yadigarı (Toğrul İsabəyli, Əli Babayev) “atam haradadır” sualına “cənnətdədir” cavabını eşitdikdən sonra ikilikdə qəribə qərar verirlər: pul yığıb cənnətə bilet almaq, ataları ilə görüşmək fikrinə düşürlər. Beləcə, babanın onlara verdiyi gündəlik cib xərcliyini toplayaraq bir gün bu vəsaitin bəs edəcəyini düşünüb sirri babaya açırlar. Məhz bu zaman Baba qəti qərar verir: indiyədək atalarının ölümündən xəbərsiz olan uşaqlar həqiqəti bilməli, atanın məzarını ziyarət etməlidirlər. Maraqlıdır ki, tamaşada Şəhid rolunu II Qarabağ müharibəsinin iştirakçısı olmuş aktyor Qurban Əhmədov ifa edirdi.
***
Həmin axşam baxdığımız ikinci əsər Akademik Milli Dram Teatrında gürcü dramaturqu Qoderzi Çoxelinin pyesi əsasında kiçik səhnə üçün hazırlanmış “Küknarlara məktub” tamaşası idi. Tamaşa haqqında təəssüratdan öncə bir fikri xatırlatmağı özümüzə borc bilirik: gürcü dramaturqu zaman və məkan fövqündə, milli olduğu qədər ümumbəşəri mövzuda əsər yazmaqla tamaşaçını heyrətləndirməyi bacarır. B.Şukin adına Moskva Teatr İnstitutunun məzunu Nigar Güləhmədovanın quruluş verdiyi tamaşada Əməkdar artistlər Elşən Rüstəmov, Almaz Amanova, Ayşad Məmmədov, aktyorlar Rüstəm Rüstəmov, Dilarə Nəzərova, Ramin Şıxəliyev, Elçin Əfəndi, Firuzə Balayeva və Lalə Süleymanova çıxış edirdilər.
…Beri (Elşən Rüstəmov) müharibədən yaralı qayıdır. Yaralı ikən küknar meşəsində uzun müddət köməksiz yıxılıb qaldığı üçün onun çiynindəki açıq yaraya küknar tozu, bəlkə də toxumu düşür və… keçmiş əsgərin çiynində küknar bitir. Və o, bundan nəinki utanır, küknarı kəsmək üçün mübarizə aparır, əksinə, xəstə ürəyinin müalicəsindən imtina edir, iynə vurdurmaqdan, dərman qəbul etməkdən boyun qaçırır: qorxur ki, küknara ziyan edər. Hətta yanında kimsəni siqaret çəkiməyə də qoymur.
Əslində, əsərin məqsədi küknarın insan çiynində bitməsi möcüzəsini yox, müharibənin insan psixikasına vurduğu zərbəni, savaşdan sonra dinc cəmiyyətə uyğunlaşa bilməyən əsgərin faciəsini göstərməkdir. Onu zorla bulunduğu mühitə uyğunlaşdırmaq istəyən ətrafının çabalarına rəğmən Beri təbiəti seçir. Çiynindəki küknarın sayəsində təbiətlə daha da doğmalaşır...
***
Festivalın sonuncu gününün ilk nümayişi Akademik Musiqıli Teatrın səhnəsində izlədiyimiz “Bir nəfəs qədər” tamaşası (müəllif və quruluşçu rejissor Samir Qulamov) oldu. İdeya müəllifi Əməkdar incəsənət xadimi Əliqismət Lalayev olan tamaşada dahi Fikrət Əmirovun, gənc bəstəkar Kamil Həsənovun fortepiano musiqisindən istifadə olunub. Tamaşanın quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhimdir. Rolları Əməkdar artist Nahidə Orucova, aktyorlar Gülnarə Abdullayeva, Əmrah Dadaşov, Nəzrin İsmayılzadə, Mehriban Zalıyeva, Ofeliya Məmmədova, Nəzrin İsmayılzadə, Hüseyn Əlili, Əli Kərimov, Səmədzadə Xasıyev və b. oynayırlar.
Səhnə əsəri haqqında media vasitələrində çoxlu yazı-informasiyalar getdiyini nəzərə alaraq təəssürat olaraq bunu deyərdik ki, “Bir nəfəs qədər” şanlı Qələbəmizə həsr olunmuş ən uğurlu tamaşalardan biridir.
***
Festivalın sonuncu günü bölgə teatrlarının da növbəsi yetişdi.
Teatr Xadimləri İttifaqının salonunda əvvəlcə Mingəçevir Dövlət Dram Teatrının təqdimatına – Aygün Həsənoğlunun əsəri əsasında Vüsal Mehrəliyevin quruluş verdiyi “Adsız” monotamaşasına baxdıq. Aktrisa Afət Əliyeva 1992-ci il Xocalı faciəsinin qurbanı olan Ananın, Qadının faciəsini oynadı. Oynadımı? Yox. Aktrisa öz qəhrəmanının – qızının toyuna hazırlaşan, oğlunun gözaltısı olduğundan xəbər tutan bəxtəvər Anadan bir qadının başına gətirilə biləcək bütün iztirab və işgəncələri yaşamış İnsana aparan faciələri cəsarətlə səhnədə təkbaşına yaşadı.
***
Lənkəran Dövlət Dram Teatrının festivala təqdim etdiyi nümunə – Anar Babalının müəllif-rejissoru olduğu “Haqqın 44 günü” tamaşası müharibə ilə bağlı gerçəkləri çılpaqcasına çatdıran tamaşalardan biridir. Burada oğlunun orduya könüllü yazılmasından narazı ata (özü görünməsə də) da var, müharibədə nişanlısının başına nəsə gələrsə, neyləyəcəyindən nigaran qalan qız da, düşmən gülləsindən ölsə, anasına kimin baxacağından nigaran əsgər də. Yəni müharibə gerçəyini hər cür qəbul edən var...
***
Bakı Uşaq və Gənclər Teatrının neçə ildir repertuarında olan, himnimizə, bayrağımıza həsr olunmuş “Vətən” tamaşasından bir hissə isə tarixi Zəfərimizin ildönümünə həsr olunmuş festivalın məntiqi sonluğu oldu.
Nəhayət, ən təntənəli məqam yetişdi. “Bir teatr – bir festival” layihəsi çərçivəsində keçirilən festivalın bağlanış və təltif mərasimi.
Layihə rəhbəri Əməkdar artist İntiqam Soltan festivalın təşəbbüskarı olan və əsas zəhmətini çəkən Bakı Uşaq və Gənclər Teatrına, ideyaya qoşulan digər kollektivlərə, tamaşaların oynanılması üçün təmənnasız yer verən Teatr Xadimləri İttifaqına, eləcə də festivalın informasiya dəstəkçilərinə minnətdarlığını bildirdi. Və… “teatr varsa, o – birincidir, bayramda isə ikinci, üçüncü ola bilməz, hamı birincidir” ideyasından çıxış edərək bütün teatrlara festivalın fəxri diplomu, iştirakçılara təşəkkürnamə təqdim etdi.
Festivala qoşulmuş kollektivlərdə çalışan Vətən müharibəsi veteranları da unudulmadı.
Təşkilat komitəsi üç gün ərzində festival iştirakçılarını tək qoymayan “Mədəniyyət” TV kanalının və “Mədəniyyət” qəzetinin əməyini də qiymətləndirdi. Hər iki kollektiv təşəkkürnamə ilə mükafatlandırıldı.
***
...Festival barədə ilk yazımızı “Üç, üç, bir də yeddi…” adlandırmışdıq. İkinci yazıya “Üç, üç, bir də yeddi… Davamı gəlsin, sayı artsın!” sərlövhəsini qoyduq. Qələbə ovqatlı festivalın daimi, iştirakçılarının, günlərinin, tamaşaçılarının sayının daha çox olması arzumuzdur...
Gülcahan Mirməmməd