Ölkəmizin ərazi bütövlüyünün bərpa olunması və şanlı Zəfərlə nəticələnən İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu əzəli torpaqlarımızın otuzillik işğalına 44 gündə son qoydu, tarixi ədaləti bərpa etdi. Artıq azad olunmuş yurd yerlərimizə Böyük Qayıdış başlanıb, yenidən qurulan şəhər və kəndlərimiz doğma sakinlərinə qucaq açır.

Üçüncü ildir ki, xalqımız 8 Noyabr – Zəfər Gününü böyük tənənə ilə qeyd edir, torpaq uğrunda canını və qanını əsirgəməyən Vətən övladlarının xatirəsini ehtiramla yada salır. Bölgələrdəki mədəniyyət müəssisələrində də bu münasibətlə silsilə tədbirlər keçirilir.

***

Abşeron-Xızı RMİ-nin tabeliyində fəaliyyət göstərən Sumqayıt şəhər S.Rüstəmov adına 3 nömrəli Uşaq incəsənət məktəbi Zəfər Günü münasibətilə Sumqayıt Muğam Mərkəzində tədbir təşkil edib. Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, Abşeron-Xızı RMİ-nin rəisi Fərid Qurbanzadə, mədəniyyət işçiləri və hərbçilər iştirak ediblər.

Ordumuzun müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində əldə etdiyi şanlı Qələbənin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığı bildirilib. Tədbir rəngarəng musiqi və rəqs nümunələri ilə davam edib.

***

İsmayıllı rayon Heydər Əliyev Mərkəzində “Qələbəmizin rəngləri” adlı rəsm müsabiqəsi keçirilib. Müsabiqədə gənc və həvəskar rəssamlar Qələbəmizi təsvir ediblər. Sonda qaliblərə diplom və hədiyyələr təqdim olunub.

Şamaxı rayon Mərzəndiyə kənd klubu və şəhid Fariz Əsgərov adına kənd tam orta məktəbin birgə təşkilatçılığı ilə “Azərbaycan, Zəfər Günün mübarək!” adlı tədbir keçirilib. Klubun bədii özfəaliyyət kollektivi tərəfindən konsert proqramı təqdim olunub.

***

Laçın rayon Malıbəy kənd Mədəniyyət evi rayon MKS-nin Büluldüz kənd filialı ilə birlikdə “Zəfər bayramın mübarək, Azərbaycan!” adlı tədbir təşkil edib. Zəfər Gününə həsr olunmuş şeirlər səsləndirilib, musiqilər və rəqslər ifa edilib.

***

Zərdab rayon MKS-nin Mərkəzi Kitabxanasında “Zəfər bizə çox yaraşır!” başlığı altında tədbir keçirilib. Tədbirdə vətənpərvərlik ruhlu mahnılar səsləndirilib, şeirlər söylənilib.

***

Qazax rayon Mədəniyyət Mərkəzində “Azərbaycana Zəfər yaraşır!” adlı konsert təşkil edilib. Qazax şəhər 2 nömrəli Uşaq musiqi məktəbinin müəllim və şagird kollektivi tərəfindən bəstəkarlarımızın vətənpərvərlik mövzusunda əsərləri ifa olunub.

Şəmkir rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Şəmkir şəhər Uşaq musiqi məktəbi şagirdlərinin ifasında Azərbaycan bəstəkarlarının vətənsevərlik ruhlu əsərləri təqdim olunub, şeirlər səsləndirilib.

***

Astara rayon Heydər Əliyev Mərkəzində “Vətən müharibəsində qazandığımız Qələbə Azərbaycan tarixində əbədi qalacaq!” mövzusunda tədbir təşkil edilib. Tədbirdə çıxışlardan sonra “44 günlük Zəfər tarixi” adlı sənədli film nümayiş olunub.

Masallı rayon Heydər Əliyev Mərkəzi, rayon Tarix-Diyarşünaslıq Muzeyi, MKS-nin Mərkəzi Kitabxanası və Masallı şəhər onbirillik İncəsənət məktəbinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Zəfər Gününə həsr olunmuş sənədli film nümayiş olunub. Sonra Masallı şəhər İntiqam Əsgərli adına 3 nömrəli, Böyük Xocavar və Xırmandalı kənd tam orta məktəbləri şagirdlərinin ifasında şeirlər səsləndirilib. İncəsənət məktəbinin müəllim və şagird kollektivinin konsert proqramı alqışlarla qarşılanıb.

***

Quba-Xaçmaz RMİ-nin təşkilatçılığı ilə Quba rayon MKS-nin Mərkəzi Kitabxanası tərəfindən “Zəfərin mübarək, Azərbaycan!” adlı tədbir keçirilib. Zaur Cəfərov adına şəhər 3 saylı tam orta məktəbin şagirdləri tərəfindən ədəbi-bədii kompozisiya təqdim olunub. “Zəfərə gedən yol” adlı videoçarx nümayiş etdirilib.

***

Şəki şəhər 3 nömrəli Uşaq musiqi məktəbinin təşkilatçılığı ilə M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzində “Biz qayıtmışıq!” adlı tədbir keçirilib. Böyük Qələbəmizə həsr olunmuş şeirlər səsləndirilib, mahnılar ifa olunub.

Qax Rayon İcra Hakimiyyətinin dəstəyi, Qax rayon Təhsil sektoru və Şəki-Zaqatala RMİ Qax rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə rayonun Heydər Əliyev parkında rəsm sərgisi keçirilib. Sərgidə məktəblilərin, eyni zamanda Qax rayon Uşaq incəsənət məktəbinin Təsviri incəsənət şöbəsi şagirdlərinin əl işləri nümayiş etdirilib.

N.Məmmədli