Azərbaycan

 

14 noyabr 1925 – Şair, nasir, publisist Gəray Fəzli (Gəray Fəzli oğlu Alimov; 1925 – 26.12.1995) Qax rayonunun İlisu kəndində doğulub. 40 ilə yaxın Dövlət Radio və Televiziya Verilişləri Komitəsində çalışıb. Şeirlərinə populyar mahnılar yazılıb.

14 noyabr 1942 – Xanəndə, Əməkdar artist Sabir Nüsrət oğlu Mirzəyev (1942 – 23.7.2011) Cəlilabad rayonunda anadan olub. İfasında lentə alınan muğam və xalq mahnıları teleradionun “qızıl fond”unda saxlanılır.

14 noyabr 1944 –  Xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseyn oğlu Hüseynov (1944 – 5.4.2021) Ağdam rayonunun Gülablı kəndində doğulub.

14 noyabr 1949 – Xalq artist Rafiq Hacıbaba oğlu Əliyev (1949 – 16.4.2020) Füzuli rayonunun Merdinli kəndində anadan olub. Gənc Tamaşaçılar Teatrında aktyor, rejissor kimi fəaliyyət göstərib, filmlərdə (“Qəm pəncərəsi”, “Qətl günü”, “Hökmdarın taleyi” və s.) çəkilib.

14 noyabr 2002 – Prezident Heydər Əliyev milli ifaçılıq sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Şövkət Ələkbərovanın anadan olmasının 80 illiyi haqqında sərəncam imzalayıb.

14 noyabr 2006 – Xalq artisti, estrada müğənnisi Oqtay Cəfər oğlu Ağayev (7.11.1934 – 2006) vəfat edib. Azərbaycan Dövlət Estrada Orkestrinin, Azərbaycan Televiziyası və Radiosu Estrada orkestrinin solisti olub.

 

15 noyabr 1927 – Xalq artisti, rəqqasə Xumar Rza qızı Zülfüqarova (1927 – 2.7.2017) Bakıda doğulub. Opera və Balet Teatrının solisti, Dövlət Mahnı və Rəqs Ansamblının baletmeysteri olub. Bakı Xoreoqrafiya Məktəbində dərs deyib.

15 noyabr 1933 – Ədəbiyyatşünas, professor Firudin Cəlal oğlu Hüseynov (1933 – 31.8.1986) anadan olub. BDU-nun Filologiya fakültəsinə, Azərbaycan ədəbiyyatı tarixi kafedrasına rəhbərlik edib.

15 noyabr 2018 – Prezident İlham Əliyev böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

 

16 noyabr 1938 – Xalq artisti, görkəmli aktyor, rejissor Abbas Mirzə Əbdülrəsul oğlu Şərifzadə (9.3.1893 – 1938) repressiyaya məruz qalaraq güllələnib. Milli teatr tarixində müstəsna xidmətlər göstərib, dram və opera tamaşalarına quruluş verib. “Bismillah” (1925), “Hacı Qara” (1929) filmlərinin rejissoru olub.

16 noyabr 1995 – Xalq artisti Zemfira Məmmədəli qızı Əliyeva (25.12.1941 – 1995) vəfat edib. Gəncə, Naxçıvan teatrlarında və Milli Dram Teatrında çalışıb, filmlərdə çəkilib.

16 noyabr 2021 – Əməkdar artist, tanınmış aktyor Məcnun Salam oğlu Hacıbəyov (5.10.1935 – 2021) vəfat edib. Akademik Milli Dram Teatrında çalışıb, televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.

16 noyabr 2021 – Tanınmış heykəltaraş, Ukraynanın Xalq rəssamı Seyfəddin Əli oğlu Qurbanov (19.10.1962 – 2021) vəfat edib. İmadəddin Nəsiminin Kiyevdə ucaldılan (2019) heykəlinin müəllifidir.

 

17 noyabr 1906 – Dünya şöhrətli xalçaçı alim, dekorativ sənət ustası, Xalq rəssamı Lətif Hüseyn oğlu Kərimov (1906 – 9.9.1991) Şuşada anadan olub. “Azərbaycan xalçalarında ornament”, “Azərbaycan xalçası” çoxcildliyi və s. kitabların müəllifidir. L.Kərimovun təşəbbüsü ilə Bakıda Xalça Muzeyi təşkil olunub.

17 noyabr 1927 – Əməkdar jurnalist, yazıçı Əli İldırımoğlu (Məmişov; 1927 – 18.11.2020) Qubadlı rayonunun Əliquluuşağı kəndində anadan olub. Kitabları: “Közərən sətirlər”, “Qarlı gecələr” və s.

17 noyabr 1933 – Əməkdar incəsənət xadimi, pianoçu Gülarə Əziz qızı Əliyeva (1933 – 27.7.1991) Bakıda doğulub. “Dan ulduzu” instrumental ansamblının qurucusu və rəhbəri olub. “Şüştər” rapsodiyası, “Humayun” süitası, “Bayatı-kürd”, “Şur” fantaziyalarının müəllifidir. Mədəniyyət və İncəsənət Universitetində Musiqi nəzəriyyəsi kafedrasının müdiri olub.

17 noyabr 1954 – Əməkdar mədəniyyət işçisi Zemfira Baba qızı Babayeva (1954 – 20.7.2021) anadan olub. “Azərbaycanfilm” kinostudiyasında işləyib. Bakı Bələdiyyə Teatrında truppa müdiri olub.

17 noyabr 1978 – Əməkdar artist Səməd Əmiraslan oğlu Tağızadə (1907–1978) vəfat edib. Gəncə Dövlət Dram Teatrında aktyor, truppa müdiri işləyib.

17 noyabr 1994 – Moskvada, İttifaqlar Evinin Sütunlu zalında dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik yubileyi qeyd edilib. Prezident Heydər Əliyev mərasimdə çıxış edib.

17 noyabr 2006 – Xalq artisti Gülşən Ağadadaş qızı Qurbanova (19.12.1950 – 2006) vəfat edib. Gənc Tamaşaçılar Teatrında çıxış edib. Kinoda, televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.

 

Dünya

 

14 noyabr 1840 – Fransız rəssamı, impressionizmin banilərindən biri Klod Mone (Oscar-Claude Monet; 1840-1926) anadan olub. Əsərləri: “Təəssürat. Doğan günəş”, “Kapusin bulvarı”, “Bağda qadınlar” və s.

14 noyabr 1900 – Amerika bəstəkarı, pianoçu və dirijor Aron Koplend (Aaron Copland; 1900- 1990) anadan olub.

14 noyabr 1907 – İsveç yazıçısı, uşaqlar üçün əsərlərin (“Balaca və Karlson”) müəllifi Astrid Lindqren (Astrid Anna Emilia Lindgren-Griksson; 1907- 28.1.2002) anadan olub.

14 noyabr 1924 – Dünya şöhrətli skripkaçı, SSRİ Xalq artisti Leonid Borisoviç Koqan (1924 – 17.12.1982) anadan olub.

 

15 noyabr 1862 – Alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1912) laureatı Gerhart Hauptman (Gerhart Johann Robert Hauptmann; 1862 – 6.6.1946) anadan olub. “Atlantida”, “Kabus” romanlarının, “Tənhalar”, “Kasıb Henrix”, “Qış balladası” və s. pyeslərin müəllifidir.

 

16 noyabr 1895 – Alman bəstəkarı və dirijoru, musiqi nəzəriyyəçisi Paul Hindemit (Paul Hindemith; 1895 – 28.12.1963) anadan olub.

 

17 noyabr 1895 – Məşhur rus filosofu, incəsənət nəzəriyyəçisi Mixail Baxtin (1895–1975) anadan olub.

Hazırladı: V.Orxan