Gürcü yazıçısı, ssenarist və kinorejissor Qoderdzi Çoxeli (1964-2007) “Küknarlara məktub” hekayə-pritçasını 1980-ci ildə qələmə alıb. 1986-cı ildə isə özü hekayə əsasında qısametrajlı televiziya filmi çəkib. Hekayə müharibədə çiynindən yaralanan Beri adlı əsgərin yarasına küknar tozu düşəndən sonra bədəninin həmin yerində küknarın göyərməyə başlamasından, Berinin ürəyi xəstə olsa da, küknarı dərmanın mənfi təsirindən qorumaq üçün müalicədən imtina edib meşəyə çəkilməsindən, çiynində bitən küknarı bəsləyib böyütməsindən və günlərin bir günü ürək ağrıları şiddətlənəndə özünə xəndək-qəbir qazıb bu dünyaya daha bir küknar bəxş etməsindən danışır...
2022-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında bu əsər əsasında (tərcümə edəni Nəriman Əbdülrəhmanlı) eyniadlı tamaşa (quruluşçu rejissor Nigar Güləhmədova) hazırlanıb. Cari ildə müəllifin vətənində, Gürcüstanda festivalda uğurla nümayiş olunmuş tamaşa bu günlərdə Bakı Uşaq və Gənclər Teatrının təşəbbüsü ilə reallaşan “3+3=7” festivalında da təqdim edilib.
Birhissəli pritçada Beri rolunda Əməkdar artist Elşən Rüstəmov çıxış edir. Digər rolları Əməkdar artist Almaz Amanova (Berinin arvadı), Əməkdar artist Ayşad Məmmədov (Coğrafiya müəllimi), Dilarə Nəzərova (Həkim), Rüstəm Rüstəmov (Meşəbəyi), Lalə Süleymanova (Mələk), Elçin Əfəndi (Əzrayıl və baltalı adam), Ramin Şıxəliyev (Qoca) Firuzə Balayeva (Qonşu qadın) ifa edirlər.
Əsər və tamaşadan aldığımız təəssüratı “Küknarlara məktub”un əsas mesajları kontekstində oxucularla bölüşmək istərdik.
Panteist ismarış və ya niyə məhz küknar?
Çoxelinin bu hekayəsində birmənalı panteizm (insan və yaradanın vəhdəti) axtarmaq, zənnimizcə, doğru deyil. Hərçənd əsərdə müəyyən mənada panteist ismarışlar var. Üstəlik, rəmzlərdən toxunmuş ədəbi freskanı andıran bu hekayənin əsas detalı kimi məhz küknar ağacının seçilməsi təsadüf ola bilməz.
Q.Çoxeli bu hekayə ilə bir neçə mətləbi qabardır – bunlardan biri insan və təbiət vəhdətidir. “Beri dərin xəndək qazdı, içinə girdi, sonra ayaqlarının üstünə torpaq tökdü... Ən axırda Beri iki bədənin bir-birinə necə axdığını, vahid bir bədən olduğunu, nazik köklərin necə sürətlə torpaqdan yapışdığını hiss elədi. Sonra isə ilk hiss elədiyi şey günəşin çıxmağıydı...”.
“Küknarlara məktub” 1980-ci ildə qələmə alınıb – müəllifin vətəni də daxil bütün sovetlər ölkəsində ateizm geniş yeridildiyi bir dövrdə. Amma Qoderdzi Çoxeli inanclı insan olub, Msxetdə yerləşən Müqəddəs Nino qızlar monastırının həyətində dəfn edilib. Və nəhayət, bəllidir ki, İsa peyğəmbər küknar ağacının altında dünyaya gəldiyi üçün yeni təqvim ilinin qarşılanmasının əsas atributlarından biri bəzədilmiş küknar ağacıdır. “Küknarlara məktub”da bu məqam da var: “Dünən coğrafiya müəllimi məndən xahiş elədi ki, yeni ildə küknarımı bəzəsinlər. Mən də razılaşdım, ancaq qorxuram ki, budağımı sındıralar...”.
Bundan əvvəl isə meşəbəyi Beridən küknarının ilk barını xəstəliyinin dərmanı olaraq istəmişdi və qeyd etmişdi ki, bu meşələrdə küknar bitmədiyi halda, onun çiynində necə olub ki bitib?... Qətiyyən ritorik olmayan, tamamilə dəqiq cavablı bir sual – allahsızlar məmləkətində insaf-mürvət carçısı peyda olubsa, demək ki, hələ xilas yoluna çıxmaq şansı var...
Berinin küknarlara məktubundan: “Göylər? Mən ona inanıram, çünki torpağa inanıram, biz isə torpağın bir hissəsiyik. Yəqin ana torpaq da göylərin bir hissəsidi. Bunu hələ yuxuda görməmişəm. Ancaq torpaqdan çıxan şeylər geri, torpağa qayıtdığı kimi, eləcə də torpaq göylərə qarışır...”.
Ateizmlə barışmayan müəllifin daha bir kodu: “Yuxarıdan başqa cür görünür: O canlıdı! Çaylar – onun qan damarlarıdı. Dənizlərlə okeanlar – ciyərləridi. Meşələrlə nəfəs alır o. Hava – onun ruhudu. Adəm də özüdü, Həvva da. Dünyada hər şeyin torpaqdan necə çıxdığı, necə yenə torpağa qayıtdığı uzaqdan yaxşı görünür…”.
“Uzaqdan”, “yuxarıdan”... Bu sözlər Berinin İsa peyğəmbərin proobrazı olmasına aid təəssürat yaratmırmı? Çoxeli qəhrəmanını torpağa qovuşdurur. Əvəzində isə övladsız Beri bu dünyada küknar ağacı kimi həmişəyaşıl, baltalayan olmasa, çox uzun bir ömür qazanır.
Humanizm mesajı
“Küknarlara məktub”un motiv-təsvirlərindən biri də sülhpərvərlik, insansevərlikdir. Beri döyüş meydanında yaralanıb. 1980-ci ildə yazılmış əsərə həmin il sovet hərbi kontinentinin iştirakı ilə Əfqanıstanda başlayan müharibənin də təsirsiz ötüşməsini düşünmək məntiqə sığmaz. SSRİ tarixindən az-çox xəbəri olanlar o müharibədən yaralı qayıdan hərbçilərin ruhi-psixoloji vəziyyətinin son dərəcə acınacaqlı olduğunu bilirlər. Çiynində bitən küknarı başından yuxarı qalxan Beri müəyyən mənada həm də həmin hərbçilərin ümumiləşmiş obrazıdır. Onun qeyri-adi humanistliyi təcavüzə, müharibəyə etirazın ən yumşaq və eyni zamanda ən sərt formasıdır.
Hekayənin əvvəlində müəllif bəd hadisə carçısı qarğaları ön plana qoyubsa (“Sakitliyi yalnız hasarın taxtasının başına qonmuş qarğa pozurdu. Qarğa sanki bəd xəbərlər qarıldayırdı...”), Berinin küknarlara məktubunun sonunda, əsərin final sətirlərində oxumaları, səs-sədaları ilə ovqat duruldan qaratoyuğu diqqət mərkəzinə qoyur (“Bu gün qaratoyuq budaqlarımda elə şirin oxudu ki, ağrım tamam yadımdan çıxdı...”).
İnsanın katarsisi həm onun özü üçün, həm də ətraf mühiti üçün son dərəcə vacib bir mərtəbədir. Beri bu mərtəbəyə aparan yoldan vaz keçmədiyi üçün ağrıları tamam azalır, yəni xilasının nədə olduğunu dərk edir. Sonda (payızda) ağrılarının artması isə bu səmavi anımın hər halda Allah bəndəsinə aid olduğunu bəlirtmək anlamına söykənir.
Hekayənin sadalanan mətləbləri tamaşada da əksini tapıb. Bircə hekayənin sonrakı səhnələrində başqa kəndə köçən Berinin yaxın dostu Çğuna obrazı ixtisar edilib.
Samirə Behbudqızı