Olaylar, faktlar (13–16 noyabr)

 

16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür (International Day for Tolerance). 1995-ci il noyabrın 16-da UNESCO-nun Baş Konfransında “Tolerantlıq prinsipləri Bəyannaməsi” qəbul edilib və sənəddə bu tarix Beynəlxalq Tolerantlıq Günü elan olunub.

 

146 il əvvəl...

 

16 noyabr 1877-ci ildə Rusiya-Türkiyə müharibəsi gedişində rus qoşunları Qars qalasını ələ keçiriblər. O vaxtdan Rusiyanın nəzarətində qalan Qars 1920-ci ildə Mustafa Kamal paşanın başçılıq etdiyi İstiqlal savaşında işğaldan qurtuldu.

 

105 il əvvəl...

 

16 noyabr 1918-ci ildə Xalq Cümhuriyyətinin müvəqqəti parlamenti – Milli Şura beşaylıq fasilədən sonra yenidən toplanıb. Baş nazir Fətəli xan Xoyskinin təklifi ilə toplanan Milli Şura Cümhuriyyətin yeni parlamentinin təşkili barədə qərar qəbul edib. Seçki qanununun hazırlanması və parlamentin çağırılmasına dair hazırlıq işləri ilə bağlı Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadənin sədrliyi ilə komissiya yaradılıb.

 

104 il əvvəl...

 

15 noyabr 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin ilk ali təhsil ocağı – Bakı Dövlət Universiteti fəaliyyətə başlayıb. 1919-cu il sentyabrın 1-də Cümhuriyyət Parlamenti bu barədə qərar qəbul etmişdi.

 

90 il əvvəl...

 

12 noyabr 1933-cü ildə Almaniyada keçirilən növbədənkənar parlament seçkilərində Adolf Hitlerin rəhbərlik etdiyi Nasional-Sosialist Partiyası Bundestaqda yerlərin 96 faizini qazanıb. Almaniyada faşistlərin hakimiyyəti rəsmən bərqərar olub.

 

79 il əvvəl...

 

15 noyabr 1944-cü ildə Stalinin əmri ilə Gürcüstanın Türkiyə ilə sərhəd bölgəsində yaşayan Ahıska türklərinin deportasiyası başlanıb. Qərar Türkiyənin SSRİ-dəki türk xalqları ilə əlaqələrinin kəsilməsi yönündə aparılan siyasətin davamı idi. Ahıskalılar Özbəkistan, Qazaxıstan və Qırğızıstana köçürüldü. 1989-cu ilin Fərqanə hadisələrindən sonra onların böyük hissəsi (50 minə yaxın) Azərbaycana pənah gətirdi.

 

40 il əvvəl...

 

15 noyabr 1983-cü ildə Şimali Kipr Türk Cümhuriyyətinin yarandığı elan edilib. 1974-cü ilin “Barış hərəkatı”ndan (yunanların türk əhaliyə qarşı qırğınlarını dayandırmaq üçün adaya Türkiyə hərbi kontingentinin yeridilməsi) sonra Şimali Kipr de-fakto müstəqil olmuşdu. ŞKTC indiyədək yalnız Türkiyə tərəfindən tanınıb.

 

35 il əvvəl...

 

13 noyabr 1988-ci ildə Ermənistanda azərbaycanlılara qarşı kütləvi qətliamların daha biri həyata keçirilib. Spitak rayonunda erməni silahlı dəstələri azərbaycanlı əhalinin evlərinə basqınlar ediblər. 40-dan çox azərbaycanlı qətlə yetirilib, yüzlərlə ailə ev-eşiyindən çölə atılaraq rayonu tərk etməyə məcbur edilib. Buna rəğmən bir ay sonra (7 dekabr) Spitakda zəlzələ baş verəndə Azərbaycan Ermənistana yardım əlini uzatdı.

 

13 il əvvəl...

 

16 noyabr 2010-cu ildə Azərbaycan xalça sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 5-ci sessiyasında (Nayrobi, Keniya) “Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısı”na daxil edilib.

Hazırladı: V.Orxan