Türk dünyasından teatr nümunələri – TÜRKSOY festivalından təəssürat

 

Çağdaş dünyanın siyasi arenasında, diplomatiya meydanında türkçülük, türk birliyi özünün yeni forma və üsullarını təqdim etdikcə, sözsüz ki, ən universal təqdimat forması olan mədəniyyət bu missiyanın, belə demək mümkünsə, danışan dili, mühüm təsir mexanizmi olmalıdır. Bu günlərdə (1-4 noyabr) Bakıda gerçəkləşən I TÜRKSOY Beynəlxalq Teatr Festivalı həm də bu baxımdan əhəmiyyətli idi. Festivalın iştirakçıları, nəticələri haqqında oxuculara ümumən məlumat vermişik. Bu yazıda isə qardaş ellərdən teatr kollektivlərinin gətirdikləri səhnə əsərləri haqqında təəssürat və mülahizələrimizi yığcam şəkildə paylaşmaq istərdik.

***

Festivalın münsiflərinin rəyi ilə “Ən yaxşı musiqi tərtibatına görə” seçilən tamaşa İstanbul Dövlət Teatrının təqdimatında “Bir nəfəs Dədə Qorqud” oldu.

“Kitabi Dədə Qorqud” dastanı boyları əsasında ərsəyə gələn epik janrlı tamaşanın quruluşçu rejissoru Gökçe Kurt Elitez, dekor və geyim rəssamı Dilək Kaplan, musiqi tərtibatçısı Fuad Yıldız və Bəhri Çakır, xoreoqrafı Alpaslan Karaduman idi.

İki saata yaxın davam edən tamaşa boyu biz minimalist tərtibat, mükəmməl qurulmuş işıq həlli və qədim ozan alətlərinin canlı müşayiətilə ifadan əsl sənət ləzzəti aldıq. Bəzi məqamlarda özümüzü dərviş məclisində, arabir dastan gecəsində hiss etdik. Tamaşaçı ilə kəsintisiz rabitədə olan ifaçılar səhnə ilə salon arasında unikal təmas yaratmışdılar. Özü də çox sadə detal ilə: bir yumaq qırmızı sap, bir ovuc buğda və bir parça çörək ilə. Beləcə, yaranışdan ölümə, ulu türkün Tenqrisindən Oğuz ərənlərinin əbədiyaşarlıq arzularına, qısacası, yaranışdan ölümə hər cür söz-əməl bir dairədə öz inikasını tapdı. Biri qadın ifaçı olmaqla dörd nəfərdən ibarət ansambl böyük bir dastanın mahiyyətini təyin və təfsir etdi. Dədə Qorqudun nəfəsi ilə keçmişdən indiyə kimi olan yaşanmış hadisələrə şahid və qədim müdrikliyin canlılığına, bugünkü dünyamızla səsləşdiyinə əmin olduq.

***

Münsiflər qədər bizim üçün də festivalın ən yaxşı səhnə işi Səmərqənd Musiqili Dram Teatrının Əlişir Nəvainin “Leyli və Məcnun” əsəri əsasında hazırladığı tamaşa idi. “Ən yaxşı tamaşa” nominasiyasında qalib olan məhəbbət dastanının səhnə versiyasının quruluşçu rejissoru Əsgər Xolmuminov, quruluşçu rəssamı Mirjalak Xolikov, bəstəkarı Yapbergen Notegenov, rejissoru Şuxrat Sanaqulov, geyim üzrə rəssamı Maxliyö Xolikova, baletmeysteri Madina Xanerqaşevadır.

Dahi Nizami Gəncəvinin qələmindən çıxıb dünyada tanınan, Məhəmməd Füzulinin ilahi bir şeir dilində təqdim etdiyi, Üzeyir Hacıbəylinin ecazkar musiqisi ilə yüz ildən çoxdur səhnə ömrü yaşayan, üstəlik kino və balet nümunəsi kimi də gördüyümüz “Leyli və Məcnun”u XV əsrin sonlarında Əlişir Nəvai də öz türkcəsində dünya ədəbi xəzinəsinə ərməğan edib. Özbək teatr təmsilçilərinin Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində bizə ərməğan etdikləri tamaşa da mükəmməl ifa-oyun nümunəsi idi.

Qalaktika, göy cisimlərinin təsvir olunduğu arxa fon işıq effektləri sayəsində elə bir əsrarəngiz bərq vururdu ki, tamaşaçı da eşq göylərində pərvaz edən aşiqlərlə birlikdə səmada “cövlan” edirdi. “Ştanket” sayını itirdim, inanın. 50-ni keçən saya bir də bütün funksional, lokal və dəyişkən işıqları əlavə edin və təsəvvür gücünüzü işə salın. Buna səhnədə yalnız sağ və sol ciblərə yaxın əyləşən iki ifaçını, onların qaval və sitarda (özbək sazı) bir orkestri əvəz edəcək ecazkar ifa və səsləndirmələrini əlavə edin, nəhayət, eyni anda danışan və plastilin kimi fiqurdan fiqura düşən aktyorların oyunu təsəvvürə gətirin. İndi bildiniz, tamaşa nə nəhənglikdə idi?

Aktyorlar gah akrobat, gah kəndirbaz, gah dərviş, gah mürid, gah da caniyə dönüb bir anda bir neçə hissin mimika və jest diktəsi ilə mükəmməl ifadəsinə nail oldular. Qaval ilə nalə edən qadın vokalçı, sitar ilə aşiqləri İlahiyə yetirən təslimçi kişi muğam (məqam) ifaçısı tamaşanın bütün taleyini həll etdilər. Az qala gözəgörünməz olan bu qəhrəmanlar daim dairəvi səhnədə fırfıra kimi hərlənən aktyorların həndəvərində melodik bir nizam yaratdılar. Səhnədəkilər isə – Leylisindən Məcnununa, Nofəlindən İbn Salamına – elə bir şuxluq, elə bir temp yaratdılar ki, biz nisgilli məhəbbət dastanının məlum finalından tam başqa bir emosiya ilə ayrıldıq.

***

“Ən yaxşı tamaşa” kimi təyin olunan ikinci nümunə İssıkgöl Musiqili Dram Teatrının (Qırğızıstan) təqdimatında “Günəşə toxunan uşaq” idi.

Qırğızıstanın Xalq yazıçısı Sultan Raevin müəllifi olduğu povest əsasında hazırlanan tamaşa bütün zamanlar və cəmiyyətlər üçün müasir olan problemlərin cəsarətli səhnə ifadəsi hesab oluna bilər. Bir neçə məqamda rejissorun aktyorlar ilə işdə qeyri-estetik həll yollarını çıxmaq şərtilə. Yeri gəlmişkən, tamaşanın quruluşçu rejissoru Ulanmırza Karıpbaev, quruluşçu rəssamı Sadır Niyazakunov, musiqi tərtibatçısı Ulanmırza Karıpbaevdir.

Səhnə işində “nümunəvi kənd”in sosial həyatı əks etdirilir. Yeni doğulmuş körpəsini ayaqyoluna atan ananı, əyyaşları, sərxoşları, zorlanıb öldürülmüş cavan qızı, öz günahlarını ört-basdır etmək üçün kimsəsiz uşağı qurbanlıq seçən insanları görürük. Briqadir Mital insanların həyatını heçə sayaraq şəxsi mənfəəti üçün dələduzluqla məşğul olur. Tamaşadakı bütün proseslər bir səhnədə baş verir və hər şey çox çılpaqlığı ilə göstərilir. Sözsüz ki, bu, Rusiyada rejissorluq təhsili alan gənc quruluşçunun yaradıcı azadlığı və cəsarətinin göstəricisi olmaqla yanaşı, həm də qırğız cəmiyyətində də lənətlə anılan sosializm ideologiyasına hayqırışın səhnə ifadəsi sayıla bilər.

***

Türküstan Musiqili Dram Teatrı (Qazaxıstan) “Qorqud əfsanəsi”ni özlüyündə bir balet əfsanəsi iddiası ilə gətirdi, göstərdi və getdi. Ermek Amanşayevin müəllifi olduğu “Qorqud əfasanəsi”nin rejissoru və baletmeysteri Konstantin Semenov, bəstəkarı Xamit Şanqəliyev, quruluşçu rəssamı Tatyana Vyuşinskayadır.

Sağ olsunlar, Akademik Milli Dram Teatrının texniki imkanlarını, daha doğrusu, Azərbaycan dövlətinin teatr-konsert müəssisələrini əsaslı təmir-bərpadan sonra təchiz etdiyi ən müasir işıq və səs avadanlıqlarını, qrafik və dizayn imkanlarını ustad-dərsi keçirmiş kimi göstərdilər və nə deyim, illərdir teatr mütəxəssislərini narahat edən “Azərbaycan teatrının ən böyük problemi işıq və səs üzrə mütəxəssislərdir” məsələsini yenidən gün üzünə çıxardılar.

Müasir xoreoqrafik quruluşlu tamaşa Qorqudun dünyaya gəlişinin zülmət və vəhşi təbiətlə müşayiət olunan sirri və missiyası haqqındadır. Qorqud yuxuda insanların ona qəbir qazdıqlarını görür. Bu kabuslardan xilas olmaq üçün Zelmaya adlı dəvəsinə minərək dünyanın bir ucundan digər ucuna gedir. Lakin ölüm şəklinə girən Pəri Martunun kölgəsi dayanmadan onu izləyir. İnsanların xoşbəxt yaşadığı, vəd edilmiş torpaq kimi bilinən müqəddəs Zeruyik vadisinin axtarışına çıxan Qorqud sonda Sırdərya çayı sahilində yerləşən öz doğma torpağına qayıdır. Məşəqqətli səyahət boyunca o, həyatın əbədiliyini və insan taleyinin müvəqqəti olduğunu dərk edir.

Tamaşanın məğzi Tanrının varlıqlar üzərində rolu və müasir dünyada həqiqi incəsənət mövzularından ibarətdir. Məhz bu mövzular tamaşanın semantik nüvəsini təşkil etdiyindən biz həyat ilə ölüm, fanilik ilə əbədiyyət arasındakı şəffaf yoldan ruhumuz belə incimədən “keçdik”. Onu da qeyd edim ki, “Qorqud əfsanəsi” münsiflər tərəfindən “Tamaşanın ən yaxşı plastik həllinə görə” seçilmişdi.

***

Məhdimqulu adına Türkmənistan Musiqili Dram Teatrı isə “Sevgi və iztirab” tamaşası ilə festivalın “Ən yaxşı aktrisa” nominasiyasında seçilmişdi. Tamaşanın quruluşçu rejissoru Aynazar Batırov, quruluşçu rəssamı Batır Bekmıradov, musiqi tərtibatçısı Xocaparaxat Sapardurdıev, quruluşçu xoreoqrafları Sabur Aşirov, Olqa Vasilyeva, işıq tərtibatçısı Qayqısız Qurbanov idi.

Dramaturq Qovşutgəldi Danqatarovun eyniadlı əsəri ərəb şairi Qeys ibn Mulavvanın şeirləri, həmçinin “Leyli və Məcnun” faciəvi eşq əfsanəsi əsasında yazılıb. Türkmən teatr təmsilçiləri bildiyimiz eşq əfsanəsini statik təsvirlər və oyunla təqdim etdilər...

Həmidə Nizamiqızı