Mədəniyyət Nazirliyinin təşkilatçılığı, “Caspian Event Organisers” şirkətinin tərəfdaşlığı ilə Bakı Ekspo Mərkəzində beş gün davam edən IX Bakı Beynəlxalq Kitab Sərgisi maraqlı təqdimatlarla yadda qaldı.

Noyabrın 15-də sərgi məkanında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Sevgi” adlı kitabının və rəsm əsərlərinin kataloqunun təqdimatı keçirilib.

“Şərq-Qərb” nəşriyyat evinin baş redaktoru Nərgiz Cabbarlının moderatorluğu ilə keçirilən təqdimatda Xalq yazıçısı Elmira Axundova, nəşriyyat evinin direktoru Sevil İsmayılova kitab haqqında danışıblar.

Bildirilib ki, Leyla xanımın kitabları zövqlü, fəlsəfi və dərin mənalı kitablardır. Bu kitabın özünəməxsus cəhətləri də var. Kitabda Leyla xanımın şeirləri və onun hazırladığı şirniyyatların reseptləri yer alıb. Kitabın adı da təsadüfi seçilməyib. Leyla Əliyeva yaratdığı hər bir şeyə öz sevgisini qatır.

Xalq rəssamı Arif Hüseynov Leyla Əliyevanın çəkdiyi rəsmlər barədə danışıb. Bildirib ki, hər yaradıcı insanın rəsmlərində öz səsi var. Bunu Leyla Əliyevanın əsərlərində də hiss etmək olar. O, rəsmlərində iki minimal rəngdən istifadə edir və onların vasitəsilə tamaşaçıya öz fikrini çatdırır.

Qeyd edək ki, Leyla Əliyevanın “Sevgi” kitabında yer alan reseptlərin əsas xüsusiyyəti onların şəkərsiz olmasıdır. Reseptlərin hər biri kitabda müəllifin şeirlərindən parçalarla müşayiət olunur. Bakı Kitab Mərkəzinin iştirakı ilə hazırlanan kitab “Şərq-Qərb” nəşriyyatında Azərbaycan, türk, ingilis və rus dillərində çap olunub.