Gəncə Dövlət Dram Teatrının kollektivi 18-19 noyabr tarixlərində Bakı tamaşaçıları qarşısında çıxış edib. Yaradıcı heyət Akademik Milli Dram Teatrının səhnəsində gürcü dramaturqu A.Saqarelinin eyniadlı əsəri əsasında Mikayıl Mikayılovun quruluş verdiyi “Xanuma” tamaşasını nümayiş etdirib.

Xatırladaq ki, müəllifin bu əsəri ölkəmizdə bir sıra teatrlarda səhnəyə qoyulub. Pyes son olaraq eyni rejissorun səhnə həllində Akademik Milli Dram və Akademik Musiqili teatrlarında hazırlanıb. M.Mikayılov Gəncə səhnəsində mövzuya fərqli rakursdan yanaşmağa çalışıb və “Xanuma”nı musiqili parodiya janrında qurub.

Məişət mövzulu komik hadisələrlə zəngin, gürcü koloritini incəlikləri ilə göstərən tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayevdir. Rolları Xalq artisti Pərvanə Qurbanova, Əməkdar artistlər Elxan Yunis, Novruz Cəfərov, Sevda Orucova, Ramiz Vəliyev, İlham Hüseynov, Kəmalə Məmmədova və başqaları ifa edirlər.