Ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə Salyan rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələri arasında intellektual yarış keçirilib. Beş turdan ibarət olan yarışda Salyan rayon MKS-nin “Sirlər xəzinəsi” komandası I, Yenikənd kənd Musiqi məktəbinin “Harmoniya” komandası II, Salyan Dövlət Kukla Teatrının “Turan” komandası isə III yeri qazanıb. Qalib komandalar diplom və hədiyyələrlə mükafatlandırılıb.

***

M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən S.Vurğun adına şəhər Folklor evinin əməkdaşları tərəfindən ağacəkmə aksiyası və iməcilik təşkil edilib. Folklor evinin yaxınlığında təşkil edilən aksiya zamanı ərazidəki tullantılar yığılıb, ağacların gövdəsi əhənglə ağardılıb.

***

Cəbrayıl rayon Hacılı kənd klubunun əməkdaşları “Həmişəyaşar dahi insan” adlı tədbir keçiriblər. Qeyd olunub ki, Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Ümummilli liderin siyasi fəaliyyəti Azərbaycan xalqının milli sərvəti, xəzinəsidir. Bundan sonra da neçə-neçə nəsillər bu məktəbdən bəhrələnərək Azərbaycanın davamlı inkişafına öz töhfəsini verəcək. Sonda məktəblilərin ifasında şeirlər səsləndirilib, kompozisiyalar təqdim olunub.

***

Ulu öndərin 100 illik yubileyi ilə əlaqədar Qazax rayon Heydər Əliyev Mərkəzi və Qazax Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə “Heydər Əliyev və müstəqil Azərbaycan” adlı rəsm müsabiqəsi keçirilib.

***

Yardımlı rayon Heydər Əliyev Mərkəzi və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Ulu öndər Heydər Əliyevin Azərbaycan ədəbiyyatına verdiyi dəyər” adlı layihə çərçivəsində tədbir keçirilib. Çıxış edənlər “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirlərdən, həmçinin adıçəkilən layihənin mahiyyəti, Ulu öndərin Azərbaycan mədəniyyət və ədəbiyyatının inkişafına qayğısından söz açıblar. Tədbirdə həmçinin Milli Məclisin deputatı Xalq şairi Sabir Rüstəmxanlının Ulu öndərlə bağlı xatirələrinin yer aldığı “Ölüm son deyil” kitabı haqqında da məlumat verilib.

Nurəddin Məmmədli