Noyabrın 25-də Beynəlxalq Muğam Mərkəzində (BMM) “İncə sənət” adlı proqram təqdim edildi. Poeziya, nəsr, musiqi və rəssamlığı bir araya gətirən tədbirdə xanım sənətçilər öz yaradıcılıq nümunələrini, sənət hisslərini tamaşaçılarla bölüşdülər.

Əvvəlcə qonaqlar BMM-in foyesində rəssam Mehriban Şəmsəddinskayanın əsərləri ilə tanış oldular. Baxdıqca insana zövq verən tablolar istedadlı rəssamın iç dünyasının rəngarəngliyini əks etdirirdi.

Sonra Moskva Dövlət Konservatoriyasının məzunu Nazxanım Dadaşova (piano), Əməkdar artist Ceyla Seyidova (skripka), yazar, YARAT Müasir İncəsənət Məkanının sosial və maarifləndirici proqramlar şöbəsinin rəhbəri Ülviyyə Axundova və sopranolar Nigar Cəfərova, Elnarə Məmmədova, Gülsüm Xəlilova Avropa və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət musiqi nömrələrini təqdim etdilər.

Tamaşaçılara öz sənət dünyalarından pay verən incə ruhlu xanımların çıxışları alqışlarla qarşılandı.

Lalə Azəri