“2023-cü il xalqımızın yaddaşında “Heydər Əliyev İli” kimi qalacaq. Ulu öndərin 100 illik yubileyi ölkə miqyasında və onun hüdudlarından kənarda qeyd edilir. Heydər Əliyev Azərbaycan ədəbiyyatını, mədəniyyətini, incəsənətini, tarixini çox sevən bir insan idi. Onun Azərbaycana rəhbərlik etdiyi illərdə bir çox görkəmli şəxsiyyətlərin yubileyləri qeyd olunub. Ulu öndər böyük şəxsiyyətlərin yubileylərinin ölkəmizdə və xaricdə qeyd olunmasına həm də Azərbaycanı daha artıq tanıtmaq, ölkəmizin böyüklüyünü, mədəniyyətini daha bariz şəkildə nümayiş etdirmək imkanı kimi baxırdı”.
Bu fikirləri noyabrın 28-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Klassik Şərq və Azərbaycan poeziyası və musiqisi mədəniyyətlərarası səsləşmənin “İpək yolu” kimi” mövzusunda beynəlxalq konfransın açılış mərasimində muzeyin baş direktoru akademik Rafael Hüseynov söyləyib.
Beynəlxalq konfransın Azərbaycanın üç böyük şəxsiyyətinin – Səfiəddin Urməvinin 825, Əbdülqadir Marağayinin 670, Mir Möhsün Nəvvabın 190 illik yubileylərinə həsr olunduğunu söyləyən Rafael Hüseynov bildirib ki, onların yaradıcılıqları, qoyduqları irs bu gün də yaşayır və gələcək üçün də əhəmiyyətini saxlamaqdadır. Səfiəddin Urməvi XIII əsrdə ərəb dilində musiqişünaslıq risalələri yaradıb. Həmin əsərlər bir çox Avropa dillərinə tərcümə edilib, yayılıb, tədqiq olunub. Azərbaycanda Səfiəddin Urməvi yaradıcılığına ilk dəfə elmi istiqamətdə nəzər yetirən böyük musiqişünasımız Əfrasiyab Bədəlbəyli olub...”.
“Şərq musiqişünaslığının təməlində dayanan türk alimləridir” deyən akademik Əbunəsr Fərabinin, Səfiəddin Urməvinin və Əbdülqadir Marağayinin də mənşəyi etibarilə türk olduqlarını qeyd edib. Vurğulayıb ki, məhz onlar nəzəri təməlləri yaradıb və bu təməllərin üzərində böyük irs meydana gəlib.
Tədbirdə Əbdülqadir Marağayinin “Naxış bəstə” əsəri səsləndirilib.
Sonra akademik Rafael Hüseynovun “Müsəlman Şərqi ədəbiyyatı və musiqişünaslığında Azərbaycan məktəbləri” mövzusunda məruzəsi dinlənilib.
Konfransın plenar iclasında Bakı Dövlət Universitetinin dosenti Əsmətxanım Məmmədova “Səs təqlidi leksemlər və idiofonlar söz yaradıcılığı müstəvisində”, professor Şəfəq Əlibəyli “Məhəmməd Füzuli nəzmində musiqi alətləri akustik obrazlarının funksional-stilistik xüsusiyyətləri”, professor Kamil Allahyarov “İslamda musiqinin qadağan olunma səbəblərinə dair” və filologiya üzrə fəlsəfə doktoru Gülnar Əqiq “Əbdülqadir Marağayi əsərlərinin müasir musiqişünaslıqda tətbiqi” mövzusunda məruzələrlə çıxış ediblər.
Konfrans işini bölmə iclası ilə davam etdirib.