Bişkek şəhərindəki A.Maldıbayev adına Qırğızıstan Dövlət Milli Akademik Opera və Balet Teatrında müasir Azərbaycan dövlətinin qurucusu, Türk dünyasının görkəmli dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Dostluq” konserti keçirilib. Tədbir Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Qırğız Respublikasının Prezidenti yanında Dövlət Dili və Dil Siyasəti üzrə Milli Komissiyanın təşkilatçılığı ilə gerçəkləşib.

Konsertdən əvvəl Qırğızıstan-Azərbaycan Dostluq və Əməkdaşlıq Cəmiyyətinin sədri Akif Alaferdov, qırğız teleaparıcısı Assol Moldokmatova və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva çıxış edərək böyük dövlət xadimi Heydər Əliyevin vətəni, xalqı və Türk dünyası qarşısında tarixi xidmətlərindən danışıblar.

Konsert proqramında Qırğızıstanın Xalq artisti Ernis Asanaliyevin rəhbərlik etdiyi “Oino orchestra”nın ifasında Azərbaycanın və Qırğızıstanın görkəmli bəstəkarları Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Müslüm Maqomayev, Kalı Moldobasanov və Aksubay Atabayevin əsərləri səslənib. “Şattık” və “İveria” ansamblları iki ölkənin xalq mahnı və rəqslərini təqdim edib. Mahnıları Azərbaycanın Xalq artisti Gülyaz Məmmədova, qırğız sənətçiləri Elqiz Beysembayev, Tair Beyşeyev, Polina Popikova və Janıbek Joomartbekov ifa ediblər.

İzləyicilərin alqışlarla qarşıladığı konsertdən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və Qırğızıstanın Dövlət Dili və Dil Siyasəti üzrə Milli Komissiyanın sədri Kanıbek Osmonaliyev çıxış edərək, ölkələrimizin dostluq və qardaşlıq əlaqələrindən soz açıblar. Bu əlaqələrin qurulmasında və möhkəmləndirilməsində Ulu öndər Heydər Əliyevin rolu vurğulanıb, bu gün Azərbaycan və Qırğızıstan prezidentlərinin xalqlarımız arasındakı birliyi daha da möhkəmləndirdikləri diqqətə çatdırılıb.