Tatarıstan təmsilçisi birinci oldu

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 27 noyabr – 3 dekabr tarixlərində keçirilən “Yaradıcı həftə” rəngarəng tədbirlərlə yadda qaldı. Həftə çərçivəsində dekabrın 2-də Mədəniyyət Nazirliyinin dəstəyi ilə Nizami Kino Mərkəzində Türk Dünyasının Yumor Festivalı keçirildi.

Festivalın məqsədi qarşılıqlı mədəni inteqrasiya, təcrübə mübadiləsi, yaradıcı və peşəkar qarşılıqlı fəaliyyət, inkişaf yolunda möhkəmlənmə, şou-biznes sahəsində birgə beynəlxalq yaradıcılıq layihələrinin hazırlanmasıdır.

Açılış nitqi söyləyən TÜRKSOY-un baş katibinin müşaviri Kayrat Mukanov baş katib Sultan Raevin qonaqlara salamını çatdırdı. Qeyd etdi ki, Türk Dünyasının Yumor Festivalı ilk dəfə keçirilir. Bu festivalın məhz Azərbaycanda keçirilməsi sevindirici haldır. Festivalda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tatarıstandan (RF) yumor sahəsini təmsil edən yaradıcı sənayenin tanınmış simaları iştirak edirlər.

Sonra yumor ustaları Erkin Ergin, Cavid Qurbanov, Rüstəm Əhmədov (hamısı Azərbaycan), Oğulcan Bektaş, Doruk Kaparlar (hər ikisi Türkiyə), Ayrat Mavlyutov, Bulat Xanmurzin (hər ikisi Tatarıstan), Medet Kalibekov, Aubakir Emilbay (hər ikisi Qazaxıstan), Taras Kosimbarov, İndira Miftaxova (hər ikisi Özbəkistan), Azimxan Raxatov, Anzor Borzayev (hər ikisi Qırğızıstan) “stand-up” istedadlarını nümayiş etdirdilər.

Münsiflər heyətinin qərarına əsasən, Tatarıstanı təmsil edən Kazan stand-up klubunun üzvü Bulat Xanmurzin festivalın qalibi adını qazandı. Qalibə festivalın kuboku təqdim edildi.

Sonda münsiflər heyətinin üzvləri çıxış edərək festivalın təşkilatçılarına təşəkkürlərini bildirdilər.

Nurəddin