Qazaxıstan Mədəniyyəti Günləri sərgi və qala-konsertlə başa çatdı

Aida Balayeva: “Azərbaycanlıların qazax xalqına olan sevgi və hörmətini hər zaman hiss edirik”

 

Xəbər verdiyimiz kimi, 2-4 dekabr tarixlərində Bakıda Qazaxıstan Mədəniyyəti Günləri keçirildi. Mədəniyyət günlərinə dekabrın 4-də Heydər Əliyev Mərkəzində sərgi və qala-konsertlə yekun vuruldu.

Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, mədəniyyət naziri Adil Kərimli, Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva və digər rəsmilər, iki ölkənin mədəniyyət və incəsənət xadimləri iştirak edirdilər.

Tədbirdən öncə nazir Aida Balayeva media nümayəndələrinə açıqlama verdi. Azərbaycan xalqını ərazi bütövlüyünün bərpası münasibətilə təbrik edən nazir dedi ki, xalqlarımız ən çətin vəziyyətlərdə həmrəy olub və bir-birlərinin qələbələrinə ürəkdən seviniblər. Ölkələrimiz arasında dil və mədəni yaxınlıq bütün istiqamətlərdə quruculuq fəaliyyətini gücləndirməyə imkan verir.

O, Azərbaycanda Qazaxıstan Mədəniyyəti Günlərinin iki ölkə prezidentləri arasında əldə olunmuş razılıq əsasında keçirildiyini diqqətə çatdırdı: “Gələn il Qazaxıstanda Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi planlaşdırılır. Bu da öz növbəsində ölkələrimiz arasında mədəni-humanitar sahədə qarşılıqlı münasibətlərə yeni təkan verəcək”.

Qala-konsertdə Qazaxıstanın ən yaxşı kollektiv və ifaçılarının çıxış edəcəyini vurğulayan nazir dedi: “Belə mədəniyyət tədbirlərinin keçirilməsi bizə bir-birimizi daha da yaxından tanımaq, qarşılıqlı əlaqələr qurmaq və iki ölkənin incəsənət xadimləri arasında gələcək əməkdaşlıq planlarını müəyyən etmək imkanı verir”.

Aida Balayeva Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul əməkdaşları və mədəniyyət naziri Adil Kərimli ilə mədəni-humanitar sahədə əməkdaşlıq üzrə konkret fəaliyyət planlarının müzakirə olunduğu görüşləri də xatırlatdı: “Kitabxana və muzey işi, kinematoqrafiya sahəsində təcrübə mübadiləsindən danışdıq. Əməkdaşlarımızın ixtisasını artırmağımız və yaradıcı təcrübə mübadiləsi aparmağımız çox vacibdir. Gələn ildən münasibətlərimizdə yeni, yaradıcı mərhələ başlayacaq. Biz yalnız nailiyyətlərimizi deyil, mədəniyyət və informasiya sahəsində mövcud olan bir sıra problemli məsələlərin müzakirəsinə kömək edəcək müxtəlif tədbirlərin keçirilməsini planlaşdırırıq. Düşünürəm ki, bütün bunlar bütövlükdə xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmlənməsinə kömək edəcək.

 

“Sərgi xalqımızın milli ruhunu əks etdirir”

 

Sonra qazax mədəniyyətini özündə əks etdirən sərginin açılışı oldu.

Nazir Aida Balayeva çıxış edərək ölkələrimiz arasında mədəni əlaqələrdən söz açdı. Bildirdi ki, dost ölkələr olaraq Azərbaycan və Qazaxıstan hər zaman bir-birinin rifahı və regionda sülhə nail olmaq üçün çalışıb: “Qazax rəssamların tarix və mədəniyyətimizi əks etdirən sərgisi xalqımızın keçmişinə bir səyahətdir. Bugünkü sərgi xalqımızın milli ruhunun tərənnümüdür. Biz bu sərgidə həm də qazax xalqının qədim keçmişini və rəssamlarımızın mədəni irsə baxışını görəcəyik”.

Bəzən siyasətdən də güclü olan mədəniyyətin xalqların həyatında mühüm rol oynadığını vurğulayan qazaxıstanlı nazir qeyd etdi ki, mədəni əlaqələr xalqları yaxınlaşdırır, ölkələri birləşdirir, sülh yaradır: “Azərbaycana gətirdiyimiz sərginin ekspozisiyasında Qazaxıstanın gənc rəssamlarının işləri yer alır. Biz bu nümunələr arasında ənənəvi sənətlə müasir tətbiqi sənət növlərinin sintezini görürük. Ümid edirəm ki, rəngkarlıq, qrafika, toxuma, dekorativ-tətbiqi sənət növlərinin müasir nümunələri və instalyasiyalar azərbaycanlı sənətsevərlər tərəfindən maraqla qarşılanacaq. Sərgidə qazax rəssamlarının müxtəlif janr və üslublarda 46 əsəri nümayiş olunur. Onların hər biri qazax incəsənətinə və mədəniyyətinə yeni yanaşmaları nümayiş etdirir”.

Aida Balayeva çıxışından sonra üzərində görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvanın portreti olan xalçanı Milli Məclisin sədri Sahibə Qafarovaya hədiyyə etdi.

Daha sonra Heydər Əliyev Mərkəzinin böyük zalında mədəniyyət günlərinin qala-konserti oldu.

Salamlama nitqi üçün səhnəyə çıxan nazir Aida Balayeva qeyd etdi ki, iki ölkə arasında əlaqələr xalqlarımızın qardaşlığı ilə yanaşı, dövlət başçılarımızın dostluq münasibətləri üzərində qurulub. Bu dostluq və hərtərəfli əməkdaşlıq bundan sonra da davam edəcək, xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq.

Nazir bildirdi ki, Qazaxıstanda mədəniyyət sahəsinə xüsusi diqqət ayrılır: “Biz azərbaycanlıların qazax xalqına olan sevgi və hörmətini hər zaman hiss edirik. Ortaq dəyərlərimizin tanınması və təbliğində də hər zaman Azərbaycanın dəstəyini hiss etmişik. Bu günlərdə Odlar Yurdu Azərbaycan təkcə ümumi kökləri deyil, həm də mehriban qonşuluq və dostluğun yeni cəhətlərini kəşf edərək qardaş qazax xalqının mənəvi dünyasına qərq olub. Bu, ölkələrimizin son dövrdə dövlət başçılarımızın iradəsi və səyləri sayəsində reallaşan siyasi, sosial-iqtisadi və mədəni-humanitar yaxınlaşmasının məntiqi nəticəsidir”.

Qazaxıstanda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsinin əziz tutulduğunu, adının əbədiləşdirildiyini deyən xanım nazir iki ölkənin görkəmli ədib və mütəfəkkirlərinə də xalqlarımız tərəfindən qarşılıqlı şəkildə ehtiram bəslənildiyini vurğuladı. Qazaxıstanda Məhəmməd Füzuli, Azərbaycanda Abay Kunanbayev, Əhməd Baytursınulı adına küçələrin olması da bunun təsdiqidir: “Bizim üçün Azərbaycan etibarlı qonşu, inamlı dost və qardaş ölkədir. Bizi, sadəcə, Xəzər sahilləri ayırır. Bu möhtəşəm ölkə dünyaya dahi Nizami, Füzuli ilə yanaşı, müasir dövrdə Müslüm Maqomayev, Rəşid Behbudov, Polad Bülbüloğlu kimi sənətkarlar bəxş edib”.

“Azərbaycan bizim üçün Türk dünyasının mədəni mərkəzidir. Qazaxıstan Mədəniyyəti Günləri çərçivəsində biz bir daha Azərbaycanın  böyük mədəni potensiala malik olduğunun şahidi olduq” deyən Aida Balayeva nitqinin sonunda tədbirlərin təşkilinə görə Azərbaycanın Mədəniyyət Nazirliyinə və Qazaxıstanın Azərbaycandakı Səfirliyinə minnətdarlığını bildirdi.

 

Yaddaşlarda yaşayacaq musiqi axşamı

 

Sonra səhnə Qazaxıstan incəsənət ustalarının ixtiyarına verildi. Rəqs, vokal və milli musiqilərdən ibarət proqram tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Qazaxıstanın “Səltənət” Dövlət Rəqs Ansamblının “El səltənəti” adlı xoreoqrafik kompozisiyası ilə başlayan gecədə “T&Y” qrupu (dombra), Medet Çotabayev və “Sazgen sazı” etno-folklor ansamblı, “Şöhrət” ordenli Zarina Altınbayeva, beynəlxalq müsabiqələr laureatları Nazim Saqıntay, Ulpan Abdikərimova, Qalımcan Narımbetov (akkordeon), beynəlxalq müsabiqələr laureatı Bakıtjan Janturqanov (violonçel), “Violas” qrupu, beynəlxalq müsabiqələr laureatı Satjan Şamenov ifaları ilə tamaşaçıların könlünü oxşadılar. Əməkdar incəsənət xadimi Əlişir Kərimov, Astana Dövlət Opera və Balet Teatrının solistləri – Əməkdar incəsənət xadimi Aygerim Beketayeva, beynəlxalq müsabiqələr laureatı Bekzat Orınbayev, “HasSak” etno-folklor ansamblı, “Ulytau” və “IL Canto” qruplarının çıxışları xüsusi alqış qazandı.

Qala-konsert “Səltənət” ansamblı və Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının birgə müşayiətində Qazaxıstanın Xalq artisti Roza Rımbayevanın ifası ilə yekunlaşdı.

Bununla da ölkəmizdə keçirilən Qazaxıstan Mədəniyyəti Günləri başa çatdı.

Dost ellərə səfər növbəsi bundan sonra bizdədir. 2024-cü ildə Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi nəzərdə tutulur.

L.Azəri