Ümummilli lider Heydər Əliyevin 100, peşəkar Azərbaycan milli teatrının yaradılmasının 150 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ilin əvvəlindən teatrların qastrol səfərləri gerçəkləşir.

Qusar Dövlət Ləzgi Dram Teatrı M.F.Axundzadənin “Hekayəti-xırs-quldurbasan” komediyasını dekabrın 7-də Sumqayıt Dövlət Dram Teatrının səhnəsində nümayiş etdirdi.

Öncə Sumqayıt teatrının direktoru vəzifəsini icra edən Əməkdar artist Vidadi Məmmədov qarşılıqlı qastrol səfərlərinin təcrübə mübadiləsinə verdiyi faydadan danışdı.

Sonra səhnə əsəri təqdim olundu. Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlunun quruluş verdiyi tamaşanın rəssamı Marina Mahmudova, musiqi tərtibatçısı Şaiq Qardaşovdur.

Rolları Bağır Əhmədov, Lalə Qurbanova, Yalçın Qaraxanov, Ramella Mahmudova, Elnur Hacıyev, Pirverdi Pirverdiyev, Həsrət Nəsrullayev, Yuri Kərimov, Tacir Şahbazov, Elşad Ramazanov, Bədəl Bədəlov, Romik Davudov, Tofiq Mustafayev, Lena Şahbalayeva, Samir Babayev və Mirzəhməd Salmanov ifa edirdilər.

Rejissor özünəməxsus yozumunda Mizə Fətəlinin ölməz komediyasına bu dəfə “avamlığın cəzası hiyləgərin oyunudur” kimi nəticə ilə tamaşa etdik.

Məlum olduğu kimi, əsərdə hadisələr tərəkəmə ənənəsi ilə yaşayan ərazidə – Şəmşəddin mahalında cərəyan edir. Sadə və qoçaq gənc Bayram Pərzadı sevir. Bacarıqsız, lakin arxalı Tarverdi isə bu işdə onlara mane olur. O özünə çox arxayındır. Simic və qorxaq olduğundan hər vəchlə işi tez həll edib gözəl Pərzadla evlənmək istəyir. Bayram da sakitcə taleyi ilə barışmır, mübarizə aparır. Bu problemində ona kömək edəcək səbəbi tapır. Mahalda oğurluğa getməmiş oğlanları qoçaq, mərd hesab etmirlər deyə Bayram da bu fürsəti əldən vermir. O, çox yaxşı bilir ki, Tarverdi qorxağın biridir. Deməli, Tarverdini yoldan çıxarıb quldurluğa göndərtmək və bu yolla ondan qurtulmaq lazımdır.

Bayram hiyləgər ər-arvad olan Namaz və Zalxadan kömək istəyir. Xüsusən də Zalxa bu işdə ona köməkçi olur. Tənha olarkən quldurluğu pisləyib, hətta divanbəyidən bu işi dayandırmasını arzulayan Zalxa aldadıcı oyunun iştirakçısına çevrilir. O, Tarverdini quldurluğa getməsi üçün qızışdırır, yalnız bundan sonra Pərzadın ona ərə gələcəyini deyir. Çarəsiz razılaşan Tarverdi Zalxanın ona qoşduğu iki nəfərlə yola düşür və bütün tragikomik hadisələr də bundan sonra başlayır...

Oyun içində oyun sayəsində Tarverdi özünü tələyə salır və sonda iki aşiq arasındakı maneə aradan qalxır.

Tamaşanın final səhnəsi Divanbəyi tərəfindən Bayramla Pərzadın toy elanı ilə bitir və qusarlı teatr təmsilçiləri ritmik musiqilərin müşayiətində bir neçə dəqiqə rəqs performanslarını da nümayiş etdirirlər.

Əsərin mahiyyəti və ana ideyasından irəli gələn mətni oyunla bərabər bölməkdən çox, işi söz üzərinə quran rejissor dil və ləhcə faktoru, truppadakı bəzi aktyorları bu mənada həddən artıq yüklədiyini, təəssüf ki, nəzərə almayıb. Daha çox replika üzərində dayandıqlarından oyunda mizanlara uyğun hərəkət, jestlər və ümumi tempə adekvat ifadəli təqdimat arzuolunan səviyyədə deyildi...

Bildirək ki, Sumqayıt teatrı da öz növbəsinə qastrol çərçivəsində gələn həftə Qusarda Əziz Nesinin “Öldür məni, can-ciyər” tamaşasını (rejissor Xalq artisti Firudin Məhərrəmov) təqdim edəcək.

Həmidə Nizamiqızı