Bölgələrdəki mədəniyyət müəssisələrində Ulu öndər Heydər Əliyevin vəfatının (12 dekabr) 20-ci ildönümü münasibətilə müxtəlif tədbirlər keçirilir, mədəniyyətimizin böyük himayədarının tarixdəki misilsiz xidmətləri minnətdarlıqla yad edilir.

Qazax rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə “Azərbaycan mədəniyyətinin hamisi” mövzusunda tədbir keçirilib. Qazax rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Ulu öndərin həyatı və siyasi fəaliyyətinə həsr olunmuş məruzələr dinlənilib. Dahi liderin mədəniyyətimizin inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərdən bəhs edən film nümayiş olunub.

Qazax rayon Mədəniyyət Mərkəzində “Sən elə bir zirvəsən...” adlı tədbir təşkil olunub. Çıxış edən şairlər Ümummilli liderin Azərbaycan xalqı və dövlətçiliyi naminə gördüyü misilsiz işlərdən danışıb. Böyük siyasətçiyə həsr olunan şeirlər səsləndirilib, konsert proqramı təqdim edilib.

Tovuz rayon Düz Qırıqlı kənd Uşaq musiqi məktəbinin kollektivi Əyyublu kənd 1 saylı tam orta məktəbdə Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konsert proqramı ilə çıxış edib. Məktəbin müəllim və şagirdlərinin ifasında vətənpərvərlik ruhlu mahnılar səsləndirilib.

***

Şirvan şəhər Heydər Əliyev Mərkəzi və Şirvan Gənclər evinin birgə təşkilatçılığı ilə “Dahiliyin Heydər Əliyev zirvəsi” adlı tədbir təşkil edilib. Çıxış edənlər tariximizin parlaq səhifələrini yazan Ulu öndər Heydər Əliyevə olan ümumxalq sevgisindən danışıblar. Məktəblilər dahi siyasətçiyə həsr edilən şeirlər söyləyiblər. Sonda Heydər Əliyev haqqındaə sənədli film nümayiş etdirilib.

Salyan rayon Heydər Əliyev Mərkəzində keçirilən anım tədbirində də Ümummilli liderin həyat yolundan, siyasi fəaliyyətinin müxtəlif səhifələrindən söz açılıb.

Hacıqabul rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə öncə “Ümummilli lider Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı sərgiyə baxış olub. Çıxış edənlər Heydər Əliyevin tarixi xidmətlərindən, xilaskarlıq missiyasından danışıblar. Tədbirin sonunda iştirakçılar Heydər Əliyevə həsr olunan “Dahi şəxsiyyət” sənədli filmini izləyiblər.

***

Astara Dövlət Rəsm Qalereyasında Ulu öndərin anım günü ilə əlaqədar sərgi təşkil edilib. Qalereyanın dərnək üzvlərinin və şagirdlərin Heydər Əliyevə və vətənpərvərlik mövzusuna həsr etdikləri rəsmləri nümayiş etdirilib.

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində “Sən elə bir zirvəsən...” mövzusunda açıq tarix dərsi keçirilib. Lənkəran şəhər Heydər Əliyev Mərkəzi və Lənkəran rayonu V.Qasımov adına Digah kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə keçirilən dərsdə məktəbin şagird və müəllim kollektivi iştirak edib.

Cəlilabad Dövlət Rəsm Qalereyasında isə Ulu öndərin anım gününə həsr olunan rəsm müsabiqəsi təşkil edilib. Şagirdlərin əl işləri qiymətləndirilib, seçilən işlərin müəlliflərinə fəxri fərmanlar təqdim edilib.

Nurəddin Məmmədli