Dekabrın 13-də Bakıdakı Rus Evində (Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi) Azərbaycanın Xalq şairi Səməd Vurğunun həyat və yaradıcılığına həsr olunmuş ədəbi-musiqili axşam keçirilib.

RİMM-dən bildiriblər ki, tədbirdə musiqi nömrələrinin müşayiəti ilə görkəmli şairin şeirləri səsləndirilib. Proqramda peşəkar musiqiçilərlə yanaşı, gənc istedadlar da iştirak ediblər.

Ədəbi-musiqili axşamın fəxri qonağı Səməd Vurğunun nəticəsi, respublika və beynəlxalq müsabiqələrin laureatı, istedadlı musiqiçi, pianoçu Vurğun Vəkilov olub. Konsertə onun ifasında Sergey Raxmaninovun əsərləri ilə yekun vurulub.

RİMM-in rəhbəri İrek Zinnurov tədbirin iştirakçılarına təşəkkürünü bildirib.

Qeyd edək ki, Səməd Vurğun rus poeziyasından gözəl tərcümələrin də müəllifidir. O, 1936-cı ildə A.S.Puşkinin “Yevgeni Onegin” mənzum romanının Azərbaycan dilinə tərcüməsinə görə dahi rus şairinin adına təsis olunmuş medalla təltif edilib.