Dekabrın 18-də Sumqayıt şəhərindəki “28 May” Mədəniyyət evində “Heydər Əliyev İli” çərçivəsində təşkil olunmuş yaradıcılıq festivallarının, müxtəlif nominasiyalar üzrə müsabiqələrin və idman yarışlarının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Çıxışlarda Heydər Əliyevin xalqımızı zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət olduğu bildirilib. Qeyd olunub ki, böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkib və respublikamızın inkişafı səylərini əsirgəməyib.

Sonra yaradıcılıq festivallarının, müxtəlif nominasiyalar üzrə müsabiqələrin və idman yarışlarının qaliblərinə mükafatlar təqdim olunub.

Tədbir Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş geniş konsert proqramı ilə davam edib.

N.Məmmədli