Meraya Kerinin Milad mahnısı

 

Amerikalı müğənni, bəstəkar, aktrisa və xeyriyyəçi Meraya Keri “All I Want for Christmas is You” (“Milad üçün tək istəyim sənsən”) mahnısı ilə yenidən öz Spotify (musiqi striminq servisi) rekordunu qırıb.

Milad mahnısı ötən bazar günü (24 dekabr) 23,7 milyon dəfədən çox dinlənilib. Ötən il Milad bayramı ərəfəsində mahnı 21,2 milyon dəfədən çox dinlənilmişdi. İndiyədək 60 milyon dollardan çox müəllif haqqı, dünyanın hər yerindəki hit-paradlarda onlarla dəfə ilk yerlərin tutulması məhz bu məşhur mahnının nailiyyətləridir.

1994-cü ilin noyabrında “Columbia Records” şirkəti Meraya Kerinin “Merry Christmas” albomundan ilk sinql kimi “All I Want for Christmas is You” mahnısını buraxıb. Bu kompozisiya sayəsində amerikalı müğənni “Milad musiqisinin kraliçası” adlarına layiq görülüb.

Müğənninin özü isə bu barədə 2015-ci ildə “Billboard”a açıqlamasında belə deyib: “Mən “All I Want for Christmas is You” mahnısını yazdıranda onun klassik Milad bayramı mahnısı olmasını arzulamışdım”.

Meraya mahnını vaxtilə Uitni Hyuston, Selin Dion kimi ulduzlarla işləmiş rus əsilli amerikalı bəstəkar Uolter Afanasyef ilə birgə yazıb.