Yerlərdə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müxtəlif səpkili tədbirlər keçirilib.

Quba-Xaçmaz RMİ-nin təşkilatçılığı ilə Quba rayon MKS Mərkəzi Kitabxananın Uşaq şöbəsi tərəfindən "Gözəl yolka, şən yolka" adlı tədbir keçirilib. Uşaqlar şeirlər söyləyib, mahnılar səsləndirib, rəqs ediblər. Şənliyin sonunda Şaxta baba uşaqlara hədiyyələr təqdim edib.

***

Dağlıq Şirvan RMİ və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) İsmayıllı rayon komitəsinin dəstəyi ilə İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib.

Tədbirdə Dağlıq Şirvan RMİ-nin rəis müavini Əlisultan Sadıxov, MİHİ İsmayıllı rayon komitəsinin sədri Gülər Abdullayeva, rayon mədəniyyət müəssisələri, klub və kitabxana filiallarının əməkdaşları iştirak ediblər.

***

M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Ölkələrdən ölkələrə” mövzusunda konsert keçirilib. Konsertdə mərkəzin instrumental ansamblının müşayiəti ilə solistlər İdris İdrisov, Fərqanə Salamova, Sərdar Yunusov, Vüqar Rüstəmli, Ağalar Məmmədov və Tərxan İbrahimovun səsləndirdiyi mahnılar tamaşaçılara xoş ovqat yaşadıb.

***

Mərkəzi Aran RMİ-nin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərində Həmrəylik Günü və Yeni il münasibətilə əyləncəli bayram tədbirləri təşkil olunub. Şagirdlərin ifalarında təqdim edilən musiqi və rəqs nömrələri ilə zəngin olan, Şaxta baba, Qar qız və başqa personajların iştirakı etdiyi bayram tədbirlərində uşaqlar əyləncəli vaxt keçiriblər.

Ağdaş rayon Heydər Əliyev Mərkəzi və rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Şaxta babanın sehrli çubuğu” adlı əyləncəli şou-proqram keçirilib. Uşaqlar müxtəlif oyunlar oynayıb, cizgi filmi personajları ilə əyləniblər. Eyni zamanda proqram zamanı intellektual oyunlar keçirilib, qaliblərə hədiyyələr təqdim edilib.

***

Ağdam rayon Heydər Əliyev Mərkəzində (Quzanlı qəsəbəsi) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib. Qonaqlar Ulu öndərin 100 illik yubileyi münasibətilə mərkəzdə təşkil olunmuş sərgiyə baxdıqdan sonra tədbir dəyirmi masa arxasında davam etdirilib.

Tədbirin sonunda Həmrəylik Gününə həsr olunmuş film izlənilib.

***

Zəngilan rayon Mədəniyyət evi, Şərqi Zəngəzur RTİ Zəngilan rayon təhsil sektoru və rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə sərgi keçirilib. Zəngilan rayon Zəngilan kənd klubunda (müvəqqəti Abşeron rayon Masazır qəsəbəsində yerləşir) gerçəkləşən sərgidə rayon ümumtəhsil məktəblərinin şagirdlərinin əl işləri və rəsmləri nümayiş etdirilib. Rəssamlardan ibarət komissiya tərəfindən seçilən əl işləri və rəsmlərin müəllifləri I, II, III yerlərə layiq görülüblər.

***

Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Mil-Muğan RMİ-nin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib. Sabirabad şəhər Uşaq musiqi məktəbi və Sabirabad rayon Mədəniyyət Mərkəzinin birgə təşkil etdiyi konsert proqramı maraqla qarşılanıb.

Beyləqan və Sabirabad rayon mədəniyyət mərkəzlərində "Qış nağılı" adlı Yeni il şənlikləri təşkil olunub. Uşaqların böyük marağına səbəb olan musiqili-əyləncəli şənliklərdə Şaxta baba və Qar qız, şən klounlar, müxtəlif nağıl və cizgi filmi qəhrəmanlarının iştirakı ilə uşaqlar üçün bir-birindən maraqlı səhnəciklər, oyunlar, müsabiqələr təşkil olunub, rəngarəng musiqi və rəqslər təqdim edilib.

***

Qazax Dövlət Rəsm Qalereyasında hər iki bayram münasibətilə dərnək üzvlərinin əl işlərindən ibarət rəsm sərgisi təşkil edilib.

Qazax-Tovuz RMİ-nin təşkilatçılığı ilə Tovuz rayon Abulbəyli kənd Folklor evində bayram tədbiri keçirilib. İdarə rəisi Nurəddin Mehdiyev bütün mədəniyyət nümayəndələrini Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, idarənin hər bir əməkdaşına işlərində uğurlar arzulayıb. Sonra fəaliyyətində fərqlənən mədəniyyət nümayəndələri, gənc və yeniyetmə istedadlar fəxri fərman və hədiyyələrlə təltif ediliblər.

Ağstafa Dövlət Rəsm Qalereyasında rəsm dərnəyi şagirdlərinin əl işlərindən ibarət “Yeni iliniz mübarək!” başlıqlı rəsm sərgisi təşkil olunub. 

***

Masallı Tarix Diyarşünaslıq Muzeyində “Həmrəylik həyatımızı gözəlləşdirir” adlı bayram tədbiri keçirilib. Tədbirdə balaca fidanların ifasında şeirlər səsləndirilib, əyləncəli oyunlar təqdim olunub.

Cəlilabad rayon Mərkəzi Kitabxanasında “Böyük qayıdışın təntənəsi” adlı tədbir təşkil edilib. Tədbirdə Cəlilabad şəhər Uşaq incəsənət məktəbinin müəllim və şagirdləri tərəfindən “Xudayar təsnifi” və “Qarabağ şikəstəsi” ifa olunub. Şəhər 10 nömrəli körpələr evinin balaca fidanları rəqs edib, 1 nömrəli tam orta məktəbin şagirdləri şeirlər söyləyiblər. Sonda kitabxananın fəal oxucularına fəxri fərmanlar təqdim olunub.

Hazırladı: N.Məmmədli