Bölgələrdə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müxtəlif səpkili tədbirlər keçirilib.

Bərdə şəhərindəki Heydər Əliyev adına park bulvarda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ümumrayon tədbiri keçirilib. Tədbirdə Bərdə rayon Mədəniyyət Mərkəzinin “Qarabağ” xalq çalğı alətləri ansamblının üzvləri, rayonun incəsənət ustaları, bədii özfəaliyyət dərnəkləri, uşaq musiqi məktəblərinin kollektivləri bir-birindən maraqlı mahnılarla çıxış ediblər.

***

Abşeron rayonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə şəhid övladları üçün bayram şənliyi keçirilib. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində reallaşan bayram tədbirində incəsənət ustalarının, sehrbazların, Yeni il personajlarının iştirakı ilə uşaqlar üçün bədii-əyləncəli proqram təqdim olunub, uşaqların hazırladıqları kompozisiyalar, rəqs nümunələri nümayiş etdirilib. Uşaqlara hədiyyələr və bayram sovqatları verilib.

***

Ağsu rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə mərkəzin “Qönçə” xalq çalğı alətləri, “Yeni Ağsu” vokal-instrumental ansamblları solistlərinin iştirakı ilə konsert keçirilib. Səslənən bayram əhvali-ruhiyyəli mahnılar tədbirə gələn qonaqlar tərəfindən böyük maraqla qarşılanıb, onlarda xoş təəssürat yaradıb. 

***

Laçın ṣəhər 1 nömrəli Uşaq musiqi məktəbində (müvəqqəti Bakı şəhərində yerləşir) “Yeni il gəlir, xoş gəlir” adlı tədbir təşkil edilib. Məktəbin şagird və müəllimlərinin ifasında bayrama həsr olunan mahnılar səsləndirilib. Sonra tədbirlərdə fəal iştirak etdiklərinə görə bir neçə şagird fəxri fərmanla təltif olunub.

***

Oğuz rayon Mədəniyyət Mərkəzində "Həmrəyliyimiz, birliyimiz əbədidir!" adlı tədbir keçirilib. Tədbirdə Oğuz rayon Mədəniyyət Mərkəzi və klub filialları, rayon Uşaq musiqi məktəbi, rayonun yaradıcı şəxsləri və musiqiçilər tərəfindən Vətənə həsr olunmuş mahnılar səsləndirilib, milli rəqslər təqdim edilib.

***

İmişli rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı, rayonda fəaliyyət göstərən digər mədəniyyət müəssisələrinin dəstəyi ilə “Gəlin, həmrəy olaq!” adlı tədbir keçirilib. İncəsənət ustalarının ifasında səsləndirilən musiqilər tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Sonda mədəniyyət işçiləri tədbirlərin təşkilində aktiv iştirakına görə fəxri fərmanlarla təltif ediliblər.

***

Salyan rayon Mədəniyyət Mərkəzinin kollektivi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə N saylı hərbi hissədə konsert proqramı ilə çıxış edib. Konsertdə solistlərin və “Gənclik” instrumental xalq çalğı alətləri ansamblının ifasında xalq və estrada janrlarında milli mahnılar, rəqs nömrələri və kompozisiyalar təqdim edilib.

***

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Lənkəran şəhər 2 nömrəli ailə tipli kiçik qrup evində valideyn himayəsindən məhrum olan uşaqlar üçün bayram şənliyi keçirilib. Lənkəran şəhər Heydər Əliyev Mərkəzi və "Secret" kitab evinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Şaxta baba və cizgi film qəhrəmanlarının çıxışları uşaqlar tərəfindən maraqla qarşılanıb. Tədbirdə balacaların ifasında mahnılar səsləndirilib və səhnəciklər nümayiş olunub.

Lerik rayon Mədəniyyət Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ümumrayon tədbiri təşkil edilib. Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov rayon sakinlərini əlamətdar bayramlar münasibətilə təbrik edib. Bayram şənliyində Şaxta baba və Qar qız rayon sakinlərini Yeni il bayramı münasibətilə təbrik edib, uşaqları hədiyyələrlə sevindiriblər. Ümumrayon tədbiri musiqi kollektivlərinin ifasında konsert proqramı ilə davam edib.

Hazırladı: N.Məmmədli