Bu il tanınmış Amerika müğənnisi, aktyor Elvis Preslinin (Elvis Aaron Presley; 1935 – 1977) xatirəsinə həsr olunan “Elvis şouları” adlı silsilə konsertlər keçiriləcək.

London, Las-Veqas, Tokio və Berlini əhatə edəcək konsertlər zamanı “rok-n-roll”un kralı hesab olunan müğənni süni intellektin köməyi ilə “canlandırılacaq”.

Noyabr ayında Londonda “Elvis şouları”nın premyerası olacaq. Tamaşaçılar səhnədə musiqiçinin minlərlə fotoşəkili və videoları əsasında yaradılmış tam ölçülü holoqramını görəcəklər. Konsertdən sonra Londonda tematik sənət axşamları təşkil olunacaq.

Qeyd edək ki, Elvisi “diriltmək” ideyası İsveçin dünyaca məşhur ABBA qrupunun analoji şousunun uğurundan sonra yaranıb. 2022-ci ilin mayında qrup üzvlərinin gənclik illərində holoqramları olan “ABBAtars” səhnəyə proyeksiya edilmiş və böyük maraqla qarşılanmışdı. Layihədə 10 musiqiçidən ibarət canlı qrup səhnədə əvvəlcədən yazılmış mahnıların musiqi effektini artırmağa kömək edirdi...