Azərbaycan Milli İncəsənət Muzeyi fiziki məhdudiyyətli uşaq və gənclərin muzey həyatına, sosial və mədəni mühitə cəlb edilməsi istiqamətində Uşaq İnkişaf Mərkəzi ilə birlikdə yeni layihəyə başlayıb.

Yanvarın 10-da İncəsənət Muzeyində “İstedadın çalarları” adlı layihənin təqdimatı olub.

Tədbir çərçivəsində gənc rəssamlar Fuad Musayev və Aytac Quliyevanın sərgisi açılıb və ölkəmizdə Daun sindromlu yeganə tarzən Bəhram Rahimlinin konsert proqramı təqdim edilib.

Bəhram Rahimlinin anası Mehparə xanım oğlunun tara marağının kiçik yaşlardan başladığını deyib: “Bəhramın musiqi savadı yox idi, lakin müəllimi Vüsal İskəndərzadə onu həvəsləndirirdi. Bəhram notları bilmir, amma sırf yaddaşla ifa edir. Bu gün burada ilk konsertini verir”.

Azərbaycan Milli İncəsənət Muzeyi direktorunun müavini Nəzrin Şirinova, Əməkdar artist, tarzən Vüsal İskəndərzadə və Bəhram Rahimlinin psixoloqu Murad Musayev fiziki məhdudiyyətli uşaqların cəmiyyətə inteqrasiya olunmasından danışıblar.

Bəhram Rahimlinin tarda ifası tamaşaçılara xoş ovqat bəxş edib. Konsert proqramında, həmçinin Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdi, bir sıra müsabiqələr laureatı Jalə Musayeva fortepiano musiqiləri səsləndirib.

Tədbir çərçivəsində gənc rəssamlar Fuad Musayev və Aytac Quliyeva tərəfindən 3 nömrəli Respublika xüsusi internat məktəbinin uşaqları üçün ustad dərsi keçirilib.

Sağlamlıq imkanları məhdud olan uşaq və gənclərin yaradıcı qabiliyyətlərinin üzə çıxarılması, dəstəklənməsi, cəmiyyətdə tanıdılması məqsədi daşıyan layihə hər ay keçiriləcək.