Gəncə Dövlət Dram Teatrı premyeraya hazırlaşır. Teatrın baş rejissoru Elşad Əhmədovun traktovkasında Əbdürrəhim bəy Haqverdiyevin klassikləşən “Pəri cadu” əsəri səhnəyə qoyulub.

Metamorfozik faciənin quruluşçu rəssamı Mirzə Hüseynovdur. Rolları Əməkdar artistlər Sevda Orucova, Kəmalə Məmmədova, həmçinin aktyorlar Günay Xanlarqızı, Sevinc Hüseynova, Ruslan Hüseynov, Emil Salmanov, Elmir Məmmədov ifa edirlər.

Teatrın bu il üçün tamaşa planı da rəngarəngdir. Sənət ocağının səhnəsində il ərzində türkiyəli müəlliflər Toyqun Orbayın “Şərəfinə insanoğlu”, Birgül Gülər Yeşiloğlunun (Türkiyə) “Qadınlar danışarsa”, bundan əlavə, Vilyam Şekspirin “Venesiyalı tacir” və Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük”  əsərlərinin yeni quruluşlarını görmək mümkün olacaq.