Mənası “rəqs edirəm” olan “balet” kəlməsi insanın vücudu ilə ruhunun harmoniyası, musiqi ilə plastikanın, bədən dili ilə ünsiyyətin mürəkkəb və təsirli təqdim olunduğu incəsənət növüdür. Səhnədə bir qu quşu kimi süzüb, ceyrantək atılan balet artistinin heyrətlə izlədiyimiz rəqsinin nə qədər çətinliklə, necə uzun məşqlə, fiziki ağrılar sayəsində ərsəyə gəldiyini də bilirik.

Yəqin ki, balet tamaşalarının nümayişindən sonrakı təzim hissəsinə qədər zalda gözləmisiniz. Son takt və elementin icrasından sonra zərif, çəlimsiz balerina bədənindən, qabarıq sinəsindən alınaraq keçən o dərin köks ötürməsini, bunun davamı olaraq anlıq dincəltdiyi pəncə və barmaqlarını xəfifcə irəli – zala doğru gətirdiyini də görmüsünüz. Mənə elə gəlir ki, onlar bu yolla öz əzalarına, onları tamaşaçı önünə aparan ayaqlarına, barmaqlarına bir də tamaşaçı önündə təşəkkür edirlər. Xoşbəxt halda səhnə arxasına keçir, pointesini (balet artistinin ayaq geyimi) soyunur və döyənək olan barmaqlarını sığallayaraq məsud halda onu sonrakı tamaşaya həvəsləndirirlər...

Xoreoqrafiyanın ən yüksək pilləsi olan balet Azərbaycan incəsənət tarixində də xüsusi yer tutur. Bir sıra Azərbaycan bəstəkarları şöhrəti dünyanı dolaşan diqqətəlayiq nümunələr yaradıblar. Klassik dünya və milli balet örnəklərinin tamaşaya qoyulması ölkəmizdə sənətkarlar nəslinin yetişməsinə mühüm töhfələr verib.

Elə “Əbədi duet”ləri ilə səhnə və həyatımıza nüfuz edib, nəinki ölkəmizdə, onun hüdudlarından çox-çox uzaqlarda da öz layiqli dəyərini alan balet cütlüyümüz kimi. Sadəcə, onların nağılı oynadıqları əksər balet tamaşalarındakı kimi şirin vüsalla bitmədi. Ölümün saldığı amansız ayrılıq və yaradıcılıqlarının ən parlaq, ən şöhrətli məqamında səhnə ilə vidalaşmaq oldu nəsibləri. Bir balet  artisti üçün bundan ağır nə ola bilər?!

Azərbaycan balet sənətinin əfsanələri – Xalq artistləri, mükəmməl ailə cütlüyü kimi həyatda və səhnədə daim həsədlə seyr edilən Çimnaz Babayeva və Vladimir Pletnyov məhz o nadir insanlardan idi. Onların qısa, lakin upuzun bir ömrə bərabər səhnə və sənət birgəlikləri milli balet sənətimiz və sənətkarlarımız üçün əsl nümunə idi.

Bu günlərdə (29 yanvar) unudulmaz cütlük haqqında “Əbədi duet” adlı sənədli-bioqrafik filmi izlədim. Böyük sevgi və səmimiyyətlə ərsəyə gələn ekran işi vasitəsilə iki istedadlı sənətkarın həyat və yaradıcılıq yolları ilə özlərinin ifa etdikləri fərqli balet nümunələri sayəsində yenidən tanış olmaq imkanı qazandım. Nizami Kino Mərkəzində təqdim olunan və Çimnaz xanımın tələbələrinin, balet cütlüyünün sənətinə heyran tamaşaçıların maraqla izlədikləri film alqışlarla qarşılandı.

Filmin ideya və ssenari müəllifi, rejissoru və montajçısı Çimnaz Babayevanın yetirmələrindən Əməkdar artist Samir Səmədov, prodüseri Gülnarə Lütfəliqızıdır.

Filmdə nadir arxiv materiallarından istifadə edilib. Ayrı-ayrı balet tamaşalarından kadrlar, eləcə də Vladimir Pletnyovun keçirdiyi ağır xəstəlikdən sonra xəstəxanada olarkən yazdığı gündəlikdən fraqmentlər bizi iki böyük sənətkarın ömür və sənət yoluna səyahətə apara bildi.

Ekran işi Azərbaycan dilindən savayı ingilis və rus dillərində də səsləndirilib.

Filmdə hər iki sənətkarın həyatına ətraflı nəzər salınır, oynadıqları balet əsərləri, ifaçılığa gətirdikləri yeniliklər sadalanır.

Qeyd edək ki, Xalq artisti, Dövlət mükafatı laureatı Çimnaz Məmməd qızı Babayeva 23 dekabr 1946-cı ildə Bakıda doğulub. 1964–1977-ci illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub, daha sonra teatrda baletmeyster kimi fəaliyyət göstərib. 23 dekabr 2019-cu ildə vəfat edib.

Xalq artisti, Dövlət mükafatı laureatı Vladimir Nikolayeviç Pletnyov 8 dekabr 1946-cı ildə Göyçayda anadan olub. Akademik Opera və Balet Teatrının solisti olub, Bakı Xoreoqrafiya Məktəbində (indiki BXA) dərs deyib. 21 fevral 1988-ci ildə dünyasını dəyişib.

Filmdə balet artistlərinin 1965–1978-ci illərdə Akademik Opera və Balet Teatrının solisti kimi çıxış etdikləri tamaşalardan – “Qız qalası”, “Yeddi gözəl”, “İldırımlı yollarla”, “Məhəbbət əfsanəsi”, “Sonalar gölü”, “Yatmış gözəl”, “Nəsimi haqqında dastan”, “Don Kixot” və s. parçalar, hər iki sənətkarın pedaqoji fəaliyyəti, yetişdirdikləri tələbələr və milli balet sənəti irsimizdəki silinməz imzalarından söz açılır.

Sorağı Fransa, İtaliya, İsveç, Danimarka, Norveç, Hindistan, Birma, Nigeriya, Seneqal və Nepaldan gələn, fərqli səhnələrdə öz ecazkar ifaları ilə tamaşaçıların zövqünü oxşamış hər iki sənətkarın hüznlü həyat hekayəti filmi izləyənlərdə həm də acı təəssüf doğurdu. Biz həm də yaradıcılığının ən parlaq vaxtında aşağı ətrafları amputasiya olunan V.Pletnyov səhnədən ayrılandan sonra Çimnaz xanım onun amansız həyat sınağıyla barışmayıb səhnəni əbədi tərk edərək qalan illərini ərinə qulluq ilə keçirməyə söz verən sədaqətli Azərbaycan qadınını alqışladıq...

Onlar hələ sənətə gələrkən bir-birinə vəfa andı içdilər və əbədiyyət yolunda yenidən birləşdilər. Çimnaz xanım həyat yoldaşının itkisini yetişdirdiyi tələbələri və onların uğurlarına sevinməklə ovutmağa çalışdı. 1977-ci ildən 2000-ci ilədək Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında məşqçi baletmeyster vəzifəsində fəaliyyət göstərdi. Qalan illərini isə özünü tənhalığa tərk edərək, əslində isə sevdiyi insanla əbədi görüşü gözləyərək keçirdi. Beləcə, doğulduğu gündə də dünyasını dəyişərək əbədi duet ortağına qovuşdu...

Həmidə Nizamiqızı